Ziyafət Əsgərov hərbçilərin xidmət ilinin 25-ə qaldırılmasının məqsədini açıqlayıb

Ziyafət Əsgərov hərbçilərin xidmət ilinin 25-ə qaldırılmasının məqsədini açıqlayıb
# 05 dekabr 2023 16:24 (UTC +04:00)

Kamil bir hərbçinin yetişməsi üçün ən azı 25 il lazımdır.

APA xəbər verir ki, bunu bu gün Milli Məclisdə “Hərbi qulluqçuların statusu haqqında”, “Hərbi xidmətkeçmə haqqında” Əsasnamə”nin təsdiq edilməsi barədə, “Əmək pensiyaları haqqında” və “Hərbi vəzifə və hərbi xidmət haqqında” Azərbaycan Respublikasının qanunlarında dəyişiklik edilməsi barədə” qanun layihəsi ətrafında müzakirələrlə bağlı keçirilən mətbuat konfransında parlamentin Müdafiə və təhlükəsizlik komitəsinin sədri Ziyafət Əsgərov deyib.

Komitə sədri bildirib ki, bu qanun hərbçilərin mənzil əldə etmək hüququnu məhdudlaşdırmır: “Hərbi qulluqçu beş və ya on ilə yetişmir. Hərbçilərin mənzillə təmin edilmə hüquqları bundan sonra da davam edəcək. Azərbaycan Silahlı Qüvvələrində 20 təqvim ili xidmət eləmiş insanlar var, onlar indiyə qədər mənzil alıblar. Bundan sonra da hərbçilərin mənzillə təmin edilmə hüquqları davam edəcək. Yəni nə qədər ordu var, nə qədər Azərbaycan dövləti var, belə olub, belə də olacaq. Burada heç bir problem yoxdur”.

Müdafiə, Təhlükəsizlik və korrupsiya ilə mübarizə komitəsinin sədri Ziyafət Əsgərov bəzi Azərbaycanı istəməyən qüvvələrin bu layihədəm sui-istifadə etdiyinə təəssüflənib: “Sual verirlər ki, niyə 20 ildən 25 ilə qalxır? Bilirsiniz ki, hərbi qulluqçu beş və ya on ilə yetişmir. Hər gün yeni texnologiyalar çıxır. Buna görə də yeni texnologiyalarla ordunu komplektləşdirmək, eyni zamanda, texnologiyaları, hərbi elmi mənimsəmək lazımdır. Dünya təcrübəsindən də görürük ki, sırf bir kamil bir hərbçinin yetişməsi üçün ən azı 25 il lazımdır. Bundan sonra o, öz təcrübəsini özündən sonra gələn gənc nəslə ötürə bilər. Məqsəd Ordumuzun daha yaxşı komplektləşdirilməsi, texnika ilə davranış qabiliyyətini gücləndirməkdən ibarətdir”.

Deputat bildirib ki, bu qanun hərbi qulluqçuların pensiyaya çıxmaq üçün minimum xidmətkeçmə tələbinin beş il artırılması nəticəsində onların pensiya təminatı 50 faizdən 65 faizə çatacaq: “Eyni zamanda, qoşun növlərindən asılı olaraq, pensiya təminatı hər il iki və ya üç faiz artacaq. 25 ildən çox xidmət ediləcəyi təqdirdə isə bu, 75 faizin üzərində hesablanacaq”.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR