Dünən saat 16:40 radələrində Nəsimi rayonu, 20 Yanvar küçəsi ərazisindən dəm qazından zəhərlənmə səbəbilə Respublika Təcili və Təxirəsalınmaz Tibbi Yardım Mərkəzinə çağırış qeydə alınıb.
Bu barədə APA-nın sorğusuna cavab olaraq, TƏBİB-dən məlumat verilib.
Bildirilib ki, hadisə yerindən bir nəfər, 2005-ci il təvəllüdlü şəxs (kişi) Kliniki Tibbi Mərkəzin Toksikologiya şöbəsinə hospitalizasiya olunub: "Ona dəm qazının toksiki təsiri diaqnozu təyin edilib və zəruri tibbi xidmətlər göstərilib. Hazırda müalicəsi Toksikologiya şöbəsində davam etdirilir, vəziyyəti stabil qiymətləndirilir".
Qeyd olunub ki, hadisə yerində 2 nəfərin (kişi cinsli) həkiməqədər ölüm faktı qeydə alınıb.
Gülcahan İmanqızı
***
11.14
Bakıda mənzildə ata və 13 yaşlı oğlu dəm qazından ölüb, digər övladı zəhərlənib.
APA-nın xəbərinə görə, iyunun 7-si saat 17 radələrində 20 Yanvar küçəsində mənzildə yaşayanlar 1974-cü il təvəllüdlü Əbülfəz Abıyev, onun oğlu 2013-cü il təvəllüdlü Kamran dəm qazından zəhərlənərək ölüblər.
Ailənin digər övladı 2005-ci il təvəllüdlü Nurlan zəhərlənmə əlaməti xəstəxanaya çatdırılıb.
Onun vəziyyətinin ağır olduğu bildirilir.
Faktla bağlı Nəsimi rayon Prokurorluğunda araşdırma aparılır.
***
10.44
Bakıda ata və oğul dəm qazından boğulub.
APA xəbər verir ki, hadisə iyunun 7-də Nəsimi rayonu 20 Yanvar küçəsində mənzildə baş verib.
İlkin məlumata görə, 13 yaşlı K. Abıyev və atası Ə. Abıyevin meyiti tapılıb. Onların hamamda dəm qazından boğularaq öldükləri bildirilir.
Faktla bağlı Nəsimi rayon Prokurorluğunda araşdırma aparılır.
Məlumata görə, K. Abıyev Nəsimi rayonundakı 247 saylı orta məktəbin 7-ci sinif şagirdi olub. Onun ölümü barədə məktəbin sosial media hesabında məlumat paylaşılıb.