Kanadanın Azərbaycan Gəncləri Şəbəkəsi Kanada Erməni Milli Komitəsinə açıq məktub ünvanlayıb

Kanadanın Azərbaycan Gəncləri Şəbəkəsi Kanada Erməni Milli Komitəsinə açıq məktub ünvanlayıb
# 01 mart 2013 18:35 (UTC +04:00)

Bakı-APA. Bu gün Kanada Erməni Milli Komitəsinin “Azərbaycan: 30 günlük bədnamlıq” kampaniyasına cavab olaraq, Kanadanın Azərbaycan Gəncləri Şəbəkəsi adı çəkilən təşkilata açıq məktub ünvanlayıb. Bu barədə Azərbaycan Respublikasının Kanadadakı səfirliyinə istinadən məlumat verir.

Məktubda Azərbaycana qarşı qərəzli faktlara əsaslanan nifrət kampaniyası “çirkin əməl” kimi qələmə verilir və Erməni Milli Komitəsinin Kanadanın erməni icması və yaxud da yoxsulluq, korrupsiya və işsizlik kimi problemlərdən əziyyət çəkən Ermənistana vaxt ayırmaqdansa, Azərbaycanı ləkələmə cəhdlərinin utancverici olduğu qeyd edilir.

Kampaniya üçün vaxt seçiminin diqqətəlayiq olduğu vurğulanaraq, bunun Ermənistan və onun liderlərinə qarşı Xocalı soyqırımı ilə bağlı artan təzyiqlər, eləcə də son “qeyri-demokratik” seçkilərin nəticələrindən diqqəti yayındırmağa xidmət etdiyi bildirilir.

Azərbaycanın 20% torpaqlarının Ermənistan tərəfindən işğalının davam etdiyi və bu işğalçı siyasət nəticəsində 1 milyon azərbaycanlının qaçqın və məcburi köçkün kimi həyat sürdüyü xatırladılaraq, bu həcmdə problemlərin istənilən dövlət üçün çətinlik yaradacağı qeyd edilir, eləcə də Azərbaycanda mövcud olan hər hansı problemə Ermənistanın töhfəsinin danılmaz olduğu vurğulanır. Nifrət kampaniyasının icmalar arasında yalnız antipatiya və stereotiplərin formalaşmasına xidmət etdiyi bildirilmiş və sözügedən kampaniya müxtəlif etnik qruplar arasında anlaşma və xoş niyyətə əsaslanan Kanada dəyərlərinə xəyanət kimi xarakterizə edilib.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR