Bank Of Baku

Azərbaycan və Qırğızıstan qiymətli kağızlar sahəsində əməkdaşlığı dərinləşdirir

Azərbaycan və Qırğızıstan qiymətli kağızlar sahəsində əməkdaşlığı dərinləşdirir
# 14 fevral 2011 09:02 (UTC +04:00)
Bakı. Nicat Mustafayev – APA-Economics. Azərbaycan Qiymətli Kağızlar üzrə Dövlət Komitəsində (QKDK) Qırğızıstan höküməti yanında Maliyyə bazarının tənzimlənməsi və nəzarəti Xidmətinin rəhbəri Elbəy Nurbəyovla görüş keçirilib.
Komitədən «APA-Economics»ə verilən məlumata görə, görüşün əsas məqsədi Azərbaycanın qiymətli kağızlar bazarı ilə tanışlıq, bazarda baş verən proseslərdən dolğun və ətraflı məlumatların əldə edilməsi və tənzimləyici dövlət qurumları arasında səmərəli ikitərəfli əlaqələrin yaradılması imkanlarının müzakirəsinin təşkilindən ibarət olub.
Görüş zamanı QKDK-nın sədri Rüfət Aslanlı ölkənin maliyyə sektorunun, xüsusən də qiymətli kağızlar bazarının inkişaf meylləri və həyata keçirilən tədbirlər barədə ətraflı məlumat verib. O, son zamanlar Azərbaycan fond bazarına investorlar tərəfindən yüksək marağın müşahidə olunduğunu, ölkədə xarici investisiyaların iştirakına dair hər hansı bir inzibati-hüquqi məhdudiyyətin olmadığını və qiymətli kağızlar bazarında həm yerli, həm də xarici investorlar üçün bərabər iş şəraitinin mövcud olduğunu vurğulayıb.
Azərbaycanın qiymətli kağızların buraxılışı və tədavülün tənzimlənməsi üzrə təcrübəsi ilə maraqlanan E.Nurbəyov Azərbaycan fond bazarının qırğız investorları üçün maraqlı olduğunu bildirib.
Görüşün sonunda Azərbaycan və Qırğızıstan qiymətli kağızlar bazarlarını tənzimləyən qurumların rəhbərləri arasında səmərəli əlaqələrin qurulmasına istiqamətlənən məsləhətləşmələrin davam etdirilməsi, investorların fond bazarına olan maraqlarının artırılması sahəsində əməkdaşlığın davam etdirilməsi və bununla bağlı müvafiq Əməkdaşlıq və Məlumat mübadiləsi haqqında Anlaşma Memorandumunun hazırlanması üzrə razılıq əldə edilib.
1 2 3 4 5 İDMAN XƏBƏR
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR