Bakı. Xanım Nağıyeva - APA. “Hazırda müştərək filmlərin çəkilməsi, çəkilmiş filmlərin distribusiyasının aparılması, özümüzlə gətirdiyimiz kino layihələrinin xarici prodüserlərə təqdim olunması və eyni zamanda onların bizə təqdim etdiyi layihələrlə bağlı görüşlər keçirilir”. Bu sözləri APA-ya açıqlamasında hazırda Kann kinofestivalında iştirak edən Azərbaycanın nümayəndə heyətinin üzvü, Cəfər Cabbarlı adına "Azərbaycanfilm" Dövlət Kinostudiyasının direktoru Müşfiq Hətəmov deyib.
M. Hətəmov aparılan danışıqların uğurlu olduğunu söyləyib: “Dünən Türkiyə və Almaniya şirkətləri ilə keçirdiyimiz danışıqlar çox uğurlu alındı. Digər ölkələrlə də danışıqlar davam etdiriləcək. Bu danışıqlar bizim yeni kino qanunun hazırlanması istiqamətində gördüyümüz işlərin düzgün olduğunu göstərir. Azərbaycanda kino sahəsində bir çox dəyişikliklər edilməlidir. Biz Türkiyə ilə Azərbaycanın birgə layihəsi olan “Mahmud və Məryəm” filmi ilə artıq Azərbaycana münasibətin müsbət istiqamətdə dəyişdiyinin şahidi oluruq. 2014-cü ildə daha çox müştərək filmlərin çəkilişinə üstünlük verəcəyik. Bu, kino sahəsində özümüzü dünyaya tanıtmaq və tamaşaçı qıtlığını aradan qaldırmaq üçün əlverişli olacaq”.
Qeyd edək ki, 66-cı Kann kinofestivalı mayın 26-dək davam edəcək.