Tiflis. Nizami Məmmədzadə - APA. Bu gün Gürcüstan paytaxtında “Şərq Tərəfdaşlığı” proqramına üzv ölkələrin mədəniyyət nazirlərinin I beynəlxalq konfransı keçirilib. APA-nın Gürcüstan bürosunun məlumatına görə, tədbiri Gürcüstan mədəniyyət naziri Quram Odişariya açaraq baş nazir Bidzina İvanişvilinin iştirakçılara təbrikini çatdırıb. Sonra Avropa Birliyinin mədəniyyət və maarif məsələləri üzrə komissarı Androulla Vassiliou məruzə ilə çıxış edərək Avropa Birliyinin “Şərq Tərəfdaşlığı” ölkələrində həyata keçirdiyi layihələrdən söhbət açıb. O qeyd edib ki, AB bu ölkələrində həyata keçirilən 15 layihəyə 9 milyon avro vəsait ayırıb və gələn il mədəniyyətin inkişafı üçün bu miqdara daha 5 milyon avro əlavə ediləcək.
Tədbirin birinci sessiyasında nazirlər Boqdan Droevskiy (Polşa), Quram Odişariya (Gürcüstan), Hasmik Poqosyan (Ermənistan), Monika Baba (Moldova), Əbülfəs Qarayev (Azərbaycan) və başqa nümayəndələr çıxış ediblər.
İkinci sessiyada mədəniyyət sahəsində iş yerlərinin artması və maliyyə vəziyyəti barədə çıxışlar olub. Üçüncü sessiya isə Avropa Birliyi və beynəlxalq əməkdaşlıq perspektivlərinə həsr olunub.
Tədbirin sonunda “Şərq Tərəfdaşlığı” ölkələri mədəniyyət nazirlərinin bəyannaməsi qəbul edilib.
“Şərq Tərəfdaşlığı ölkələr üçün mədəniyyət” adlandırılacaq II konfrans oktyabr ayında Polşanın Lyublin şəhərində keçiriləcək.