Teatrdan APA-ya verilən məlumata görə, kollektiv 26-29 may tarixlərində İsveç Krallığının paytaxtı Stokholm şəhərində olub. Qastrol səfəri Azərbaycanın İsveç Krallığındakı səfirliyi və Azərbaycan Respublikasının Mədəniyyət və Turizm Nazirliyinin təşəbbüsü ilə həyata keçirilib. Teatr 27 may tarixində Stokholmda yerləşən Södra Teatrının binasında Mirzə Fətəli Axundzadənin pyesi əsasında mərhum rejissor Vaqif İbrahimoğlunun quruluşunda hazırlanan “Lənkəran xanının vəziri” tamaşasını nümayiş etdirib.
Tamaşada rolları xalq artisti Nurəddin Mehdixanlı, əməkdar artistlər Cəfər Namiq Kamal, Sabir Məmmədov, Kazım Həsənquliyev, Elxan Quliyev, Əli Nur, Mirzə Ağabəyli, Ayşad Məmmədov, Mətanət Atakişiyeva, Münəvvər Əliyeva, Firuz Xudaverdiyev, Şəlalə Şahvələdqızı, aktyorlar Əminə Babayeva, Şəhla Əliqızı, İlahə Həsənova, Aslan Şirinov, Elnar Qarayev, Rəşad Bəxtiyarov, Vüsal Mustafayev, Nigar Güləhmədova və Ramin Şıxəliyev ifa ediblər.