Bakı. Xanım Nağıyeva – APA. “Yaxın vaxtlarda Səttar Bəhlulzadənin muzeyinin açılışını nəzərdə tuturuq. Həmçinin Azərbaycanın bəzi regionlarında bir neçə diyarşünaslıq muzeyi öz yeni binalarına köçməkdədirlər”. APA-nın xəbərinə görə, bunu jurnalistlərə açıqlamasında mədəniyyət və turizm naziri Əbülfəs Qarayev deyib.
Nazir muzeylərlə bağlı digər planlar haqqında da məlumat verib: “Hazırda İncəsənət Muzeyinin orta korpusunun saxlanma yerlərinin yeni təqdimatına hazırlaşırıq. Azərbaycanın müstəqillik gününə həsr olunan ekspozisiya təqdim olunacaq və II Ümumdünya Mədəniyyətlərarası Dialoq Forumu çərçivəsində Bakıya gələn insanların oraya ekskursiyasını təşkil edəcəyik. Sentyabr ayının axırında biz yeni ekspozisiya ilə Dənizkənarı Milli Parkda Lətif Kərimov adına Azərbaycan Xalçası və Xalq Tətbiqi Sənəti Dövlət Muzeyi üçün inşa olunan yeni binanın açılış mərasimini keçirəcəyik”.