Bakı. Anaxanım Hidayətova – APA. Azərbaycanın mədəniyyət və turizm naziri Əbülfəs Qarayev Koreya Respublikasının "Arirang" Televiziya və Radio Şirkətinin prezidenti və icraçı direktoru Sohn Jie-Ae ilə görüşüb.
Nazirlikdən APA-ya verilən məlumata görə, görüşdə "Arirang" Televiziya və Radio şirkətinin Xəbərlər departamentinin müdiri Kim Joong Shik, Koreya Respublikasının Azərbaycandakı səfiri Choi Suk-inn iştirak ediblər.
Azərbaycan və Koreya arasında mədəniyyət və turizm sahəsində əlaqələrin inkişafı, Koreya və Azərbaycanın mədəniyyət və turizm potensialının qarşılıqlı şəkildə mediada işıqlandırılması və iki ölkə arasında müvafiq sahələrdə əməkdaşlıq perspektivləri müzakirə olunub. Ə.Qarayev bildirib ki, Azərbaycan prezidenti İlham Əliyevin məqsədyönlü xarici siyasəti nəticəsində Azərbaycan-Koreya əlaqələri yüksələn xətlə inkişaf edir. Qarşılıqlı olaraq son illərdə Koreya və Azərbaycan mədəniyyətinin təbliği ilə bağlı müxtəlif aksiyalar keçirilib və bu tədbirlər iki xalqın yaxınlaşmasında mühüm rol oynayır.
Azərbaycanın inkişafına heyran olduğunu bildirən Sohn Jie-Ae ölkəmizin inkişafının onda böyük təəssüratlar yaratdığını, Koreya və Azərbaycan xalqları arasında bir sıra oxşar cəhətlərin olduğunu və bunun da əməkdaşlığın daha da yaxşı inkişafı üçün zəmin yaratdığını qeyd edib.
Görüşün sonunda müzakirə olunan məsələlərin konkret layihə şəklində hazırlanaraq mübadilə olunması barədə razılığa gəlinib.