Bakı. Cavid Zeynalov – APA. 17 avqust Azərbaycanın görkəmli opera və estrada müğənnisii Müslüm Maqomayevin doğum günüdür. Mədəniyyət və Turizm Nazirliyinin mətbuat xidmətindən APA-ya verilən məlumata görə, bu gün Müslüm Maqomayevin xatirəsi Fəxri Xiyabanda yad olunacaq. Mərasimdə Mədəniyyət və Turizm Nazirliyinin rəsmiləri, xalq artistləri, tanınmış musiqiçilər iştirak edəcəklər.
Müslüm Maqomayev 1942-ci ildə Bakıda anadan olub. Azərbaycan Dövlət Opera və Balet Teatrının solisti olub, İtaliyanın Milan şəhərindəki “La Skala” teatrında təcrübə keçib. 1966-cı ildə Parisin “Olimpiya” konsert salonunda ilk konsertini verib. 1968-ci ildə Azərbaycan Dövlət Konservatoriyasını bitirib, Sopotda (Polşa) keçirilən Beynəlxalq Mahnı Festivalında ilk mükafatını alıb. O, 1973-cü ildə SSRİ xalq artisti, 1997-ci ildə "Şöhrət" Ordeni, 2002-ci ildə "İstiqlal" Ordeni ilə təltif edilib. Müslüm Maqomayev 2008-ci ildə Moskvada vəfat edib, Bakıdakı birinci Fəxri Xiyabanda dəfn olunub.