Bakı – APA. Mayın 19-da Düşənbə şəhərindəki Sadraddin Ayni adına Dövlət Opera və Balet Teatrının səhnəsində Azərbaycanın dahi bəstəkarı Üzeyir Hacıbəylinin Şərqin və müsəlman dünyasının ilk Operası sayılan “Leyli və Məcnun” əsəri (Libretto M.Füzuli) tamaşaya qoyulub. Azərbaycanın Tacikistandakı səfirliyindən APA-ya verilən məlumata görə, tədbirdə Tacikistanın dövlət və hökumət strukturlarının rəhbərləri, nazirlər, parlament üzvləri, diplomatik korpusun təmsilçiləri, Tacikistanda müvəqqəti və daimi yaşayan azərbaycanlılar və onların ailə üzvləri, yerli və xarici KİV nümayəndələri iştirak edib.
Baş rolları Azərbaycanın xalq artistləri Nəzakət Teymurova, Mənsum İbrahimov oynayıblar. Əsərə quruluşu Azərbaycanın xalq artisti, Bakı Opera və Balet Teatrının baş rejissoru Hafiz Quliyev verib. Tamaşada Nofəl rolunda Tacikistanın əməkdar artisti Sadıq Nurulloev çıxış edib. Tacikistanın S. Ayni adına Opera və Balet Teatrının xor və orkestr heyəti də tamaşada iştirak edib. Operanın dirijoru Azərbaycanın xalq artisti Yalçın Adıgözəlov olub.
Dostluq tədbirinin ikinci hissəsində Tacikistanın məşhur bəstəkarı Mustafo Bafoyevin “Şayxurrais Abuali İbni Sino” operasının final hissəsi göstərilib.
Tədbirin əvvəlində çıxış edən Tacikistan mədəniyyət naziri M. Asrori bildirib ki, son illər Azərbaycanın Tacikistandakı səfirliyinin dəstəyi ilə keçirilən mədəni tədbirlərin artması çox sevindirici haldır və bugünkü “Leyli və Məcnun” tamaşası Heydər Əliyevin 90 illik yubileyinə həsr olunmaqla yanaşı, Azərbaycan-Tacikistan mədəni əlaqələrinin müsbət müstəvidə inkişafının bariz rəmzidir.
Azərbaycanın Tacikistandakı səfiri A. Həsənov çıxışında tamaşanın hazırlanmasında əməyi olan hər kəsə minnətdarlığını bildirərək qeyd edib ki, “Leyli və Məcnun” tamaşasının Düşənbə ictimaiyyətinə təqdim edilməsi səfirlik tərəfindən Heydər Əliyevin 90 illik yubileyinə həsr olunan silsilə tədbirlərdən biridir.