Bakı. Turan Şakir – APA. Mədəniyyət və turizm naziri Əbülfəs Qarayev Ə. Bədəlbəyli adına 23 saylı 11 illik Musiqi Məktəbinin təmirdən sonra açılış mərasimində iştirak edib. APA-nın xəbərinə görə, Ə. Qarayev deyib ki, bu musiqi məktəbi Mədəniyyət və Turizm Nazirliyi tərəfindən təmir edilən 12-ci məktəbdir: “Amma hazırda təmir-bərpa işləri aparılan daha üç belə məktəbimiz var ki, yeni dərs ilinə qədər onlar da istifadəyə veriləcək. Məktəbin müasir standartlara uyğun təmir olunması və yeni avadanlıqlarla təchiz olunması buradakı müəllimlərin məsuliyyətini daha da artırmalıdır. Çünki şərait nə qədər yaxşı olarsa, təhsilin səviyyəsi də mükəmməl olmalıdır. Əminəm ki, 86 müəllim 326 şagirdin təlim-tərbiyəsi ilə məsuliyyətlə məşğul olacaq”.
Açılış mərasimində nazirlə bərabər məktəbin direktoru Afət Məhərrəmova, Bakı Şəhər Mədəniyyət və Turizm İdarəsinin əməkdaşları və məktəbin şagird, müəllim kollektivi iştirak edib. Kollektiv və media nümayəndələri ilə birgə sinif otaqlarını gəzən nazir məktəbin direktoruna müəyyən göstərişlər verib.
Tədbirin sonunda musiqi məktəbinin şagirdləri konsert proqramı ilə çıxış ediblər.