Bakı. Turan Şakir – APA. Mədəniyyət və turizm naziri Əbülfəs Qarayev Azərbaycanda keçirilən Ukrayna Mədəniyyəti Günləri ilə əlaqədar Bakıya səfərə gəlmiş bu ölkənin mədəniyyət nazirinin birinci müavini Timofey Koxanın rəhbərlik etdiyi nümayəndə heyətini qəbul edib. APA-nın məlumatına görə, nazir ölkəmizdə növbəti dəfə qardaş Ukraynanın mədəniyyət günlərinin keçirilməsindən məmnunluğunu bildirib. Qeyd olunub ki, qarşılılıq dostluq münasibətlərinin inkişaflına xidmət edən tədbir iki ölkə arasında 2011-2015-ci illər üzrə əməkdaşlıq planına uyğun keçirilir.
Plan 2011-ci il aprelin 28-də Ukrayna Prezidenti Viktor Yanukoviçin Azərbaycana rəsmi səfəri çərçivəsində imzalanıb. Bu tədbirin davamı olaraq 2014-cü ildə Ukraynada Azərbaycan Mədəniyyəti Günləri keçiriləcək.
Ukrayna incəsənət ustalarının ölkəmizdə çıxışının hər dəfə böyük rəğbətlə qarşılandığını deyən Əbülfəs Qarayev budəfəki mədəniyyət günlərinin də xoş təəssüratla yadda qalacağına əminliyini bildirib.
Ukrayna mədəniyyət nazirinin müavini birinci müavini Timofey Koxan bildirib ki, Ukrayna həmişə Azərbaycanın etibarlı tərəfdaşı olub: "Ölkələrimiz arasında bütün sahələrdə, o cümlədən mədəniyyət sahəsində əlaqələr uğurla inkişaf edir. Azərbaycan Ukraynada keçirilən beynəlxalq mədəniyyət tədbirlərdə fəal iştirak edir. Ukrayna nümayəndələri də Azərbaycanda gerçəkləşən tədbirlərə, müsabiqələrə məmnuniyyətlə qatılırlar".
Timofey Koxan mədəniyyət günlərinin yüksək səviyyədə təşkilinə görə Azərbaycanın Mədəniyyət və Turizm Nazirliyinə, iki ölkənin səfirliklərinə minnətdarlığını bildirib.
Qonaq Əbülfəs Qarayevə Kiyevdə nəşr olunan "Xalq deputatları" jurnalını təqdim edib. Üz qabığında Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevin fotosu yer alan jurnalda dövlət başçımızın müsahibəsi dərc edilib. Timofey Koxan müsahibənin Ukrayna ictimaiyyətinin böyük marağına səbəb olduğunu vurğulayıb.
Ukraynanın Azərbaycandakı səfiri Aleksandr Mişenkonun da iştirak etdiyi görüşdə ikitərəfli maraq kəsb edən məsələlər müzakirə edilib, sonda qarşılıqlı xatirə hədiyyələri təqdim olunub.