Bakı – APA. Azərbaycanı Fransada daha yaxından tanıtmaq məqsədilə Heydər Əliyev Fondunun təşkilatçılığı və Azərbaycanın bu ölkədəki səfirliyinin dəstəyi ilə “Qafqazın mirvarisi olan Azərbaycanın mədəni dəyərləri” adı altında Fransanın regionlarında keçirilən silsilə tədbirlər çərçivəsində bu dəfə Eviyan-le-Ban şəhərində tədbirlər təşkil olunacaq. Səfirlikdən APA-ya verilən məlumata görə, Eviyan-Le-Ban (Yuxarı Savua Departamenti) Cenevrə gölünün cənub sahilində yerləşir və beynəlxalq konfrans və tədbirlərin keçirildiyi kurort şəhərdir. Öz mineral suları ilə dünyada tanınan və “Böyük Səkkizliyin” dövlət başçılarını bir araya yığan Eviyan, bu dəfə Cənubi Qafqazın lideri - Azərbaycanı qəbul edir. Bu xüsusda 6-10 may tarixlərində “Azərbaycan günləri” çərçivəsində şəhərin müxtəlif yerlərində şəhər sakinləri üçün Azərbaycanın tarixini və mədəniyyətini əks etdirən sərgi və konsert təşkil olunacaq.
Mərasimin açılışında Eviyan şəhərinin meri, Yuxarı Savua Departamentinin deputatı Mark Fransin və Azərbaycanın Fransadakı səfiri Elçin Əmirbəyov iştirak edəcəklər.
Tədbirlə əlaqədar şəhərin müxtəlif yerlərində və ictimai nəqliyyatda sərgi və konsertə dair elanlar verilib və plakatlar asılıb. Həmin elan və plakatlarda Azərbaycanın tarixini, mədəniyyətini və incəsənətini əks etdirən məlumatlar da yerləşdirilib. Bundan əlavə, Azərbaycana dair buklet və kitabların şəhər sakinləri arasında paylanması nəzərdə tutulub.