Tiflis. Nizami Məmmədzadə - APA. “Gürcüstan və Azərbaycan mədəniyyətlərinin perspektivləri böyükdür. Biz tez-tez tədbirlər keçiririk. Gürcü və Azərbaycan xalqının mədəniyyəti inkişaf edir”. APA-nın Gürcüstan bürosunun məlumatına görə, bu sözləri Gürcüstanın mədəniyyət naziri Quram Odişariya jurnalistlərlə görüşündə APA-nın müxbirinin suallarını cavablandırarkən deyib.
Nazir Azərbaycan mədəniyyəti ilə yaxşı tanış olduğunu və mədəniyyət naziri Əbülfəs Qarayevlə tez-tez görüşdüklərini bildirib: “Mən Azərbaycanın bir çox kino xadimləri ilə yaxından tanışam. Bu yaxınlarda həmkarım Əbülfəs Qarayevlə həm Bakıda, həm də Tiflisdə görüşdük. Təxminən 10 gündən sonra Əbülfəs Qarayev Gürcüstana gələcək və biz birlikdə azərbaycanlıların kompakt yaşadığı bölgələrə - Marneuli, Bolnisi, Dmanisi və Qaradabaniyə səfər edərək, Gürcüstanda yaşayan azərbaycanlı vətəndaşlarımızın tarixi abidələri, mədəniyyəti, musiqisi və mədəniyyət sahəsi ilə bağlı bütün problemləri dinləyəcək, birlikdə həlli yollarına araşdıracağıq. Nazir həmkarım bir gün Gürcüstanda qalacaq və biz ertəsi gün sərhədi keçərək Azərbaycana - gürcülərin kompakt yaşadığı bölgələrə səfər edəcək, burada da gürcü mədəniyyətinin necə inkişaf etdiyi ilə yaxından tanış olacağıq. Bu, bizim birgə həyata keçirəcəyimiz ilk tədbirdir. Bizim birlikdə çox böyük layihələrimiz olacaq. İlk öncə biz birlikdə kino çəkməyi planlaşdıracağıq. Bu təklifi Azərbaycan kinematoqrafçıları irəli sürüblər”.
Q. Odişariyanın sözlərinə görə, Gürcüstanda azərbaycanlıların kompakt yaşadığı bölgələrdə aşıq yaradıcılığı uğurla inkişaf edir. O, məşhur Aşıq Kamandar Əfəndiyevin yaradıcılığına böyük qiymət verib: “Bu görkəmli aşığın muzeyi yaradılmalıdır. Ona status da verəcəyik, lakin Marneuli rayon rəhbərliyindən bu barədə bizə məktub ünvanlanmalıdır”.