Bakı - APA. Bu gün Kann şəhərində (Fransa) Azərbaycan mədəniyyəti günləri çərçivəsində klassik musiqi gecəsi keçiriləcək. Bu barədə APA-ya Heydər Əliyev Fondundan məlumat verilib.
Azərbaycan mədəniyyətini yaşatmaq və dünyada təbliğ etmək layihəsi çərçivəsində təşkil olunan proqramın açılışında Heydər Əliyev Fondunun prezidenti, Azərbaycanın birinci xanımı Mehriban Əliyeva və Kann şəhərinin meri Bernar Broşan çıxış edəcəklər. Gecədə Üzeyir Hacıbəyli adına Azərbaycan Dövlət Simfonik Orkestrinin ifasında Soltan Hacıbəyovun «Karvan» simfonik lövhəsi, Üzeyir Hacıbəylinin «Koroğlu» operasından uvertüra, xalq və bəstəkar mahnıları səslənəcək.
Daha sonra Kannda Azərbaycanın milli mətbəxi təqdim ediləcək. Qonaqlar Azərbaycanın təamları, süfrə mədəniyyəti və ənənələri ilə tanış ola biləcəklər.
Xatırladaq ki, Heydər Əliyev Fondunun təşkilatçılığı ilə Kannda keçirilən Azərbaycan mədəniyyəti günləri iyulun 7-də başa çatacaq. Sabah Kannda açıq havada möhtəşəm şou keçiriləcək və «Arşın mal alan» filmi nümayiş olunacaq.