Bakı. Turan Şakir – APA. Nizami Kino Mərkəzində Mədəniyyət və Turizm Nazirliyinin Azərbaycan teatrının 140 illik yubileyi münasibəti ilə təsis etdiyi “Zirvə” mükafatının təqdimatı olub.
APA-nın məlumatına görə, tədbiri giriş sözü ilə açan mədəniyyət və turizm naziri Əbülfəs Qarayev Azərbaycan teatrının 140 illik yubileyi haqqında danışıb: “Azərbaycan prezidentinin “Azərbaycanda peşəkar milli teatrın yaradılmasının 140 illiyi haqqında” 2013-cü il 1 mart tarixli sərəncamına əsasən, Azərbaycan peşəkar milli teatrının 140 illik yubileyinə həsr olunmuş silsilə tədbirlər keçirildi. Təqdim edəcəyimiz “Zirvə” mükafatı da həmin tədbirlər planı çərçivəsindədir. Nazirlik bir il müddətində görülən işlərin, əldə edilən nailiyyətlərin nəticəsi olaraq teatr, musiqi, təsviri sənət və kino sahələrini əhatə edən 7 nominasiya üzrə mükafatı sahiblərinə təqdim edəcək”.
Təsviri sənət sahəsi üzrə Azərbaycan təsviri sənətinin təbliğindəki xidmətlərinə və teatr sahəsindəki uzun illik səmərəli fəaliyyətinə görə xalq rəssamları Tahir Tahirov və Nazim Bəykişiyev, teatr sahəsi üzrə 140 illik yaradıcılıq yoluna və son dövrdəki sənət axtarışlarına görə Azərbaycan Dövlət Akademik Milli Teatrı, musiqi sahəsi üzrə M.F.Axundzadənin 200 illik yubileyi münasibətilə “Molla İbrahimxəlil kimyagər” tamaşasına yazdığı musiqiyə görə xalq artisti Siyavuş Kərimi, kino sahəsi üzrə “Dolu” bədii filminin yaradıcı heyəti, “Azərbaycan mədəniyyətinə dəyərli töhfə” bölməsi üzrə Azərbaycanın teatr və kino sənəti sahəsindəki uzunmüddətli səmərəli fəaliyyətinə görə xalq artisti Afaq Bəşirqızı, “Milli sərvət” bölməsi üzrə Azərbaycan teatr sənətinin inkişafındakı müstəsna xidmətlərinə və yaradıcılıq uğurlarına görə xalq artisti Azərpaşa Nemətov, “Debüt” bölməsində isə beynəlxalq mədəni əməkdaşlıq çərçivəsində TÜRKSOY təşkilatının dəstəyi ilə Saken Seyfullin adına Karaqanda Vilayəti Qazax Dram Teatrında M.F.Axundzadənin “Müsyö Jordan və dərviş Məstəli şah” əsərinin uğurlu səhnə həllinə görə gənc rejissor Mikayıl Mikayılov “Zirvə” mükafatına layiq görülüb. Qaliblərə rəmzi simvol, diplom və pul mükafatı təqdim olunub.
Təqdimat mərasimindən sonra tədbir konsert proqramı ilə davam edib.