Bu gün X Qəbələ Beynəlxalq Musiqi Festivalında Rusiya, ABŞ, İsrail və Azərbaycan musiqiçilərinin iştirakı ilə növbəti kamera konsertləri olub.
APA-nın yerli bürosunun xəbərinə görə, Heydər Əliyev Konqres Mərkəzində keçirilən konsert rusiyalı gənc qaboy ifaçısı Andrey Varlamovun ifasında Fransis Pulenkin qaboy üçün Sonatadan “Elegiya” və “Skertso” hissələrinin səsləndirilməsi ilə başlayıb.
İfaçını pianoda beynəlxalq müsabiqələr laureatı Oleq Xudyakov müşayiət edib.
Kamera musiqisi həvəskarlarına həmçinin Jorj Bize-Frans Vaksmanın “Karmen-Fantaziya”, Vittorio Montinin “Çardaş”, Kristov Villibaid Qlükin “Orfey və Evridika” operasından Evridikanın ariyası, Nikolay Rimski-Korsakovun “Plenivşis rozoy solovey”, Friderik Şopenin “Polonez”, Ferents Listin “Mefisto-vals” əsərləri təqdim olunub.
Konsertdə rusiyalı ifaçılarla yanaşı, azərbaycanlı solist Çinarə Əzimova (soprano) və pianoçu Rəfiqə Quluzadə çıxış ediblər.
Bu gün Heydər Əliyev Konqres Mərkəzində həmçinin Bakı Musiqi Akademiyasının rektoru, festivalın bədii rəhbəri Fərhad Bədəlbəyli, Yerusəlim Simfonik Orkestrinin dirijoru, dünya şöhrətli violonçel ifaçısı Dmitri Yablonski (İsrail-ABŞ), Sankt-Peterburq Konservatoriyasının müəllimi Olqa Yermakova (Rusiya), Yerusəlim Simfonik Orkestrinin konsertmeysteri Janna Qandelman (İsrail), beynəlxalq mükafatlar laureatı Annel Qreqori (ABŞ), tanınmış klarnet ifaçısı Şükür Səmədovun iştirakı ilə Kamera Musiqisi Axşamı olub. Konsertdə A. Rubinşteyn, R. Qlier və İ. Bramsın əsərləri səsləndirilib.
Qeyd edək ki, X Qəbələ Beynəlxalq Musiqi Festivalı Heydər Əliyev Fondunun təşkilatçılığı, Mədəniyyət Nazirliyinin və “Gilan Holdinq”in dəstəyi ilə keçirilir.