Bakı - APA. Qobustan muzeyi “Avropada ilin muzeyi” müsabiqəsinin (EMYA - European Museum of the Year Award) “Tarixin təqdim olunmasında və qabaqcıl texnologiyaların istifadəsində yeni yanaşma vasitəsilə regional, milli və beynəlxalq səviyyədə ictimaiyyətin maarifləndirilməsində ibtidai dövrün incəsənətinə marağın və biliyin artırılmasına görə” mükafatı ilə təltif olunub.
Mədəniyyət və Turizm Nazirliyindən APA-ya verilən məlumata görə, dünyada muzeyçilik sahəsində ən nüfuzlu və böyük tarixi olan müsabiqələrindən olan EMYA 1977-ci ildən etibarən Avropa Muzey Forumu (European Museum Forum) tərəfindən keçirilir. Müsabiqə eyni zamanda geniş ictimaiyyətin diqqətini muzeylərdə keyfiyyət səviyyəsinin artmasına və innovasiyalara cəlb etmək məqsədi güdür.
Mövcud şərtlərə görə, müsabiqədə son iki ildə açılmış, yaxud eyni dövrdə əsaslı rekonstruksiya edilmiş, yeni bölüm yaratmış “köhnə” muzeylər iştirak edə bilər. Əsas seçim meyarları muzeyin ictimaiyyətlə sıx əlaqə qura bilməsi, muzey mövzularının və əşyaların təqdimatında yeni və eksperimental üsullardan istifadə etməsi, ümumiyyətlə, əhaliyə yüksək mədəni xidmət təqdim etməsidir.
41 iştirakçı muzey arasında 2013-cü ilin əsas mükafatını Şotlandiyanın Qlazqo şəhərindəki Riversayd muzeyi (Riverside Muzeum) alıb. Bu muzeyin mövzusu nəqliyyat və səyahətdir. Həmin muzeyin binasının layihəsi Bakıdakı Heydər Əliyev Mərkəzinin layihə müəllifi, memar Zaha Hadid tərəfindən tərtib olunub.
Qeyd edək ki, Qobustan Milli Tarixi-Bədii Qoruğunun yeni muzeyi 2011-ci ildə Azərbaycan prezidenti İlham Əliyev tərəfindən açılıb.