Bakı. Turan Şakir – APA. “Hazırda Azərbaycan və Gürcüstan arasında film layihələri zəif inkişaf edir. Düşünürəm ki, əgər sovet dövründə çətinliklərə baxmayaraq bəzi layihələr həyata keçirilə bilirdisə, müstəqillik dövründə daha müntəzəm işləmək olar. Bu işdə ən mühüm rol gənc rejissorların üzərinə düşür”. APA-nın xəbərinə görə, bu sözləri Gürcüstanın məşhur kinorejissoru Rezo Çxeidze rejissoru olduğu “Əsgər atası” filminin yeni texnologiya ilə rəngli bərpa olunmuş variantının Bakıda nümayişi ilə bağlı keçirilən mətbuat konfransında deyib.
R. Çxeidze Bakıya üçüncü dəfədir gəldiyini söyləyib: “İlk dəfə məhz bu filmin çəkilişləri zamanında gəlmişdim. Bu filmdəki bəzi epizodlar Bakıda çəkilmişdi. Elə filmin premyerası da 1965-ci ildə Bakıda olub”.
Filmin rəngli variantının hazırlanması ideyasından danışan prodüser İnessa Analinali isə ideyanın məqsədinin məhz gənclərin diqqətini köhnə filmlərə çəkmək olduğunu bildirib: “İndi istehsal olunan filmlərdə ən diqqət çəkən məqamlardan biri də rəng effektləridir. Düşünürəm ki, filmin rəngli formata köçürülməsi filmə ikinci ekran həyatını bəxş edəcək”.
Mətbuat konfransından sonra “Əsgər atası” filminin yeni texnologiya ilə rəngli bərpa olunmuş variantı nümayiş olunub.