Bakı. Anaxanım Hidayətova – APA. Bakıda TÜRKSOY-a üzv ölkələrin Dövlət Teatrları Rəhbərləri Şurasının 2-ci toplantısı keçirilib. APA-nın xəbərinə görə, toplantıda Azərbaycan, Türkiyə, Qazaxıstan, Qırğızıstan, Başqırdıstan, Saxa Yakutiya, Tatarıstan, Tuva teatrlarının direktorları, bədii rəhbərləri və baş rejissorları iştirak edib. Onlar gələcək layihələri, qarşılıqlı əməkdaşlıq əlaqələrini və TÜRKSOY dövlətlərinin müasir teatr problemlərini müzakirə ediblər.
Tədbir çərçivəsində ilk dəfə “Tiyatro Almanağı 2013” təqdim olunub. Almanaxda türkdilli xalqların pyesləri toplanıb. Daha sonra iştirakçılara Azərbaycan Dövlət Akademik Milli Dram Teatrı haqqında qısa film göstərilib. Tədbirdə TÜRKSOY-un 20 illiyi ilə əlaqədar təşkilatın baş katibinin müavini Fırat Purtaş Azərbaycan Dövlət Akademik Milli Dram Teatrının direktoru, eyni zamanda TÜRKSOY-un Dövlət Teatr Rəhbərləri Şurasının sədri olan İsrafil İsrafilova simvolik hədiyə təqdim edib.
Xatırladaq ki, Türkdilli Dövlətlərin Teatr Rəhbərləri Şurası 2011-ci ilin may ayında yaranıb.