Bakı-2019 XV Avropa Gənclər Yay Olimpiya Festivalında üzgüçülük yarışları davam edir.
APA-nın məlumatına görə, bu günün axşam sessiyasında Azərbaycan milli komandasının daha iki üzvü starta çıxıb.
Ramil Vəlizadə 100 m məsafəyə batterflyay üsulu ilə üzmə yarışında yarımfinalda qüvvəsini sınayıb. 56,62 saniyə nəticə göstərən təmsilçimiz 9-cu yeri tutub. İdmançımız finala yüksələ bilməsə də, həlledici raund uçun ehtiyatda ilk üzgüçü kimi qeyd edilib. Bu isə o deməkdir ki, finalçılardan biri mübarizə apara bilməsə, onu R.Vəlizadə əvəzləyəcək.
Qızların eyni məsafəyə, eyni üsulla üzmə yarışında isə final mərhələsi baş tutub. Azərbaycan üzgüçüsü Məryəm Şeyxəlizadəxangah 1 dəqiqə 00,95 saniyəyə finişə çatıb. 6-cı yeri tutan idmançımızı bürünc medaldan 0,94 saniyə ayırıb.
***
Saat. 10:43
Bakı-2019 XV Avropa Gənclər Yay Olimpiya Festivalında üzgüçülük yarışları davam edir.
APA-nın məlumatına görə, Azərbaycan milli komandasının daha iki üzvü starta çıxıb.
Onlardan ən yaxşı nəticəni Ramil Vəlizadə göstərib. İdmançı 200 m məsafədə olduğu kimi, 100 m məsafəyə də batterflyay üsulu ilə üzmə yarışında yarımfinala vəsiqə qazanıb. O, 56,83 saniyəlik nəticə ilə 39 iştirakçı arasında 13-cü yeri tutub. R. Vəlizadə yarımfinal yürüşünə saat 17:28-də çıxacaq.
Oğlanların 50 m məsafəyə sərbəst üsulla üzmə yarışında Maksim Petrenko isə mübarizəni təsnifat mərhələsində dayandırıb. O, 26,03 saniyəlik nəticə ilə 47 idmançı arasında 46-cı olub.
M. Petrenko ikinci cəhdində 200 m məsafəyə sərbəst üsulla üzmədə də uğursuz çıxış edib. O, finiş xəttinə 2 dəqiqə 04,66 saniyəyə çatıb. Təmsilçimiz bu göstərici ilə 48 iştirakçı arasında sonuncu olub.
Qeyd edək ki, saat 18:02-də Məryəm Şeyxəlizadəxangah 100 m məsafəyə batterflyay üsulu ilə üzmədə final yürüşünə çıxacaq.