Belarusun paytaxtı Minskdəki "Dinamo" Milli Olimpiya Stadionunda II Avropa Oyunlarının başlanış mərasimi təşkil olunub.
APA-nın Minskə ezam olunmuş əməkdaşının məlumatına görə, tədbirdə Belarus, Rusiya, Tacikistan prezidentləri ilə yanaşı, Beynəlxalq və Avropa Olimpiya Komitələrinin prezidentləri iştirak ediblər.
Mərasim Belarusun dövlət himni ilə start götürüb. Ardınca iştirakçı ölkələrin bayraqları səhnəyə gətirib. Azərbaycanın bayraqdarı Minsk-2019-da qızıl medal qazanan karateçi Asiman Qurbanlı (+84 kq) olub.
Daha sonra müxtəlif rəqs kompozisiyaları nümayiş etdirilib və Belarusun simvolu olan Zubr ekranda canlandırılıb.
Yerli ifaçılar mahnılar ifa ediblər.
Bu zaman idmanda vacib amillər olan yarışdan əvvəl, ikinci nəfəs, məşqçi, hörmət, yeni çağırış, könüllülər və qələbəni əks etdirən anlar nümayiş olunub.
Mərasimində bayrağın növbəti Oyunların ev sahibi Polşanın Krakov şəhərinə ötürülmə mərasimi olmayıb. Tədbir zamanı Avropa Olimpiya Komitələrinin bayrağı sadəcə endirilib.
Belarus prezidenti Aleksandr Lukaşenko Minsk 2019-u dostluq və birlik bayramı adlandırıb. O bildirib ki, bu bayramı hər şeydən əvvəl özlərinə hədiyyə ediblər: "10 gün ərzində birlik ab-havasını siz idmançılar yaratdınız. Məşəli söndürməmişdən əməyi keçən hər kəsə, o cümlədən jurnalistlərə, hakimlərə, könüllülərə təşəkkürümü çatdırıram. Səkkiz min könüllünü itirə bilmərik. Onların bazasını hazırlamağı tapşırmışam. Azarkeşlərə də minnətdaram. Əziz qonaqlar, siz müharibəsiz, sakit şəraitdə yaşayan ölkədə oldunuz".
A. Lukaşenko Avropa Oyunlarının simvolu Lesik adlı tülküyə də təşəkkürünü bildirib və yarışa uzun və şərəfli ömür arzulayıb.
Avropa Olimpiya Komitələrinin (AOK) prezidenti Yanez Kotsiyançiç də çıxış edərək, təmiz idman mübarizəsi şəraitində Oyunlar izlədiklərini qeyd edib. O, idmanda dopinqə qarşı amansız mübarizə aparacaqlarını diqqətə çatdırıb.
AOK rəhbəri Minsk-2019-un Belarus üçün yaxşı sərmayə olduğunu sözlərinə əlavə edib və təşkilatçı ölkə üçün medal sıralamasında ikinci yeri gözəl nəticə adlandırıb. O, prezidenti açılışda olduğu kimi, bağlanışda da Belarus dilində danışmağı unutmayıb.
İyunun 21-də açılış mərasimi keçirilən və 10 gün bütün Avropanın diqqət mərkəzində olan yarışın Sülh məşəli də söndürülüb. Yarış bağlı elan edilib.
***
Saat. 23:00
Belarusun paytaxtı Minskdəki “Dinamo” Milli Stadionunda II Avropa Oyunlarının möhtəşəm bağlanış başlayıb.
APA-nın Minskə ezam olunmuş əməkdaşının məlumatına görə, mərasimdə 4500-ə yaxın könüllü və təxminən 2000 idmançı iştirak edir.
Bağlanış mərasiminin icraçı direktoru Yevgeni Timaşukun rəhbərliyi altında gedən hazırlıqlar son anadək gizli saxlanılıb. Bu da tamaşaçılara sürprizlər yaşatmaq məqsədi daşıyır. Təşkilatçılar bu mərasimə hazırlıq uçun ötən gecə də məşq təşkil ediblər.
Bugünkü bağlanış mərasimində bayrağın növbəti Oyunların ev sahibi Polşanın Krakov şəhərinə ötürülmə mərasimi olmayacaq.
Mərasim zamanı Oyunların bayrağı sadəcə endiriləcək. Tədbirdə müasir Belarus nümayiş etdiriləcək.
İyunun 21-də açılış mərasimi keçirilən və 10 gün bütün Avropanın diqqət mərkəzində olan yarışın Sülh məşəli də yalnız bağlanışın sonlarında söndürüləcək.
Tədbir çərçivəsində keçiriləcək iştirakçı ölkələrin paradı zamanı Azərbaycan komandasının bayraqdarı karateçi Asiman Qurbanlı olacaq.