Bakı-APA. “Aşıq Şəmşir” Mədəniyyət Ocağı İctimai Birliyində Bakı 2015 - I Avropa Oyunlarına həsr olunmuş tədbir keçirilib.
Birlikdən APA-ya verilən məlumata görə, birliyin sədri Qənbər Qurbanov bildirib ki, İctimai Birliyin üzvü olan ziyalılar ölkədə həyata keçirilən dövlət siyasətini, ölkə prezidenti İlham Əliyevin və Bakı 2015 - I Avropa Oyunları Təşkilat Komitəsinin rəhbəri, Azərbaycanın birinci xanımı Mehriban Əliyevanın bu sahədə atdığı hər bir addımı dəstəklədiyini bildirib: “Biz ziyalılar əminliklə bildiririk ki, dünyanın belə bir mötəbər idman yarışının Azərbaycanda keçirilməsi ölkə başçısının uzaqgörən siyasətinin vacib bir istiqamətidir. Bu oyunlar vasitəsilə Azərbaycan öz haqq səsini dünyaya daha yaxşı çatdıracaq, Azərbaycanın həm sosial, həm iqtisadi, həm də mədəni inkişafını bir daha bütün dünyaya göstərəcək. Biz belə bir məqamda ölkəmizə qarşı qarayaxma kampaniyası aparan, dövlətimizə və bugünkü iqtidar hakimiyyətinə qarşı şər və böhtan kompaniyası aparan hər bir beynəlxalq təşkilata, müxtəlif ölkələrə və fərdi şəxslərə öz etirazımızı bildirir və onları tutduqları bu iyrənc yoldan dönməyə səsləyirik”.
Professor Şahlar Əsgərov deyib ki, bu oyunların insanlığa, bəşəriyyətə verəcəyi ən önəmli mesaj insanları sülhə, bəşəriyyəti barışa səsləməkdir: “Biz yurd-yuvasından didərgin düşən, erməni işğalçılarının işğalçı və soyqırımı siyasətinə məruz qalan Kəlbəcər ziyalıları olaraq sülhün, əmin-amanlığın tərəfdarıyıq. Bütün dünyamıza sülh və səadət arzulayan belə bir möhtəşəm tədbirin məhz bizim ölkəmizdə keçirilməsi həm ölkə ziyalıları, həm də dövlətimiz üçün çox mühüm amildir”.
Professor Məhərrəm Qasımlı isə bildirib ki, ilk Avropa oyunlarına bir müsəlman dövlətin ev sahibi olmasını həzm edə bilməyən qüvvələr hər zaman olduğu kimi bu gün də öz məkrli niyyətlərini həyata keçirməkdədirlər: “Ölkəmizə qarşı aramsız və nahaq qarayaxma kampaniyaları aparır, ölkəmizin imicinə zərər vurmaqdan ötrü min cürə iyrənc yola əl atırlar”.
“Aşıq Şəmşir” Mədəniyyət Ocağı İctimai Birliyinin sədr müavini Həbib Misirov qeyd edib ki, bir neçə gündən sonra ölkəmizə 6 mindən çox idmançı, yüz minlərlə idman azarkeşi, rəsmi qonaqlar və turistlər gələcək: “Azərbaycan dünyada ilk dəfə keçirilən Avropa ölkələrinin təmsil olunduğu möhtəşəm idman oyunlarına ev sahibliyi edəcək. Azərbaycan prezidentinin və Azərbaycan dövlətinin bu haqq işində Azərbaycan ziyalısı həmişə ölkə başçısı İlham Əliyevin və Azərbaycan dövlətinin yanında, eləcə də keşiyindədir”.
Qeyd olunub ki, “Aşıq Şəmşir” Mədəniyyət Ocağı İctimai Birliyi belə tədbirləri davam etdirəcək. Bununla bağlı tədbirlər planı hazırlanıb.