Bakı. Cavid Zeynallı - APA. Muzey Mərkəzində “Bakı-2015” I Avropa Oyunları münasibəti ilə Azərbaycan rəssamlarının əsərlərindən ibarət “Avropa haqqında düşüncələr” sərgisinin açılış mərasimi keçirilib.
APA-nın məlumatına görə, təqdimat mərasimində mədəniyyət və turizm naziri Əbülfəs Qarayev, nazir müavini Ədalət Vəliyev, Azərbaycan Rəssamlar İttifaqının sədri Fərhad Xəlilov və başqaları iştirak edib.
Ə. Qarayev sərginin açılışını “Bakı-2015” I Avropa Oyunlarının mədəni standartı kimi dəyərləndirib. Nazirin sözlərinə görə, Bakıya qonaq gələn idmançı və turistlər sərgidə Azərbaycanın ən məşhur rəssamlarının əsərləri ilə tanış ola bilərlər.
Xalq rəssamı Fərhad Xəlilov sərginin I Avropa Oyunlarına töhfə olduğunu diqqətə çatdırıb.
Qeyd olunub ki, Mədəniyyət və Turizm Nazirliyi tərəfindən təşkil olunan sərgidə görkəmli Azərbaycan rəssamlarının Azərbaycan Dövlət Rəsm Qalereyasının fonduna aid olan əsərləri təqdim olunur. Onların arasında Mikayıl Abdullayev, Nadir Əbdürrəhmanov, Lətif Feyzullayev, Əyyub Hüseynov, Nəcəfqulu İsmayılov, Davud Kazımov, Nadir Qasımov, Ağa Mehdiyev və s. kimi görkəmli rəssamların adlarını qeyd etmək olar.
Sərginin təşkilində əsas məqsəd Azərbaycan Dövlət Rəsm Qalereyasının fondunda illər ərzində toplanmış əsərləri həm yerli tamaşaçıların, həm də xarici qonaqların diqqətinə təqdim etməkdən ibarətdir.
Nümayiş olunan əsərlər son 20 ildə demək olar ki, heç bir sərgiyə çıxarılmayıb. Eyni zamanda sərgidə nümayiş olunan əsərlər ayrı-ayrı müəlliflərin sərgisində nümayiş olunsa da, onlar uzun müddətli fasilədən sonra müxtəlif rəssamların seçilmiş əsərlərinin vahid kolleksiyası kimi ilk dəfə geniş tamaşaçı auditoriyasına təqdim olunur.