Bakı. Məlahət Nəcəfova - APA. “Maliyyə böhranına məruz qalaraq 2008-ci ildən tənəzzül yaşayan Avropa yenidən dünya idmanının güc mərkəzinə çevrilib. İdmanda öz birinciliyini geri qaytarmağa çalışan Avropa Olimpiya Komitəsi ilk Avropa Oyunlarını Azərbaycanın paytaxtı Bakıda keçirməyə qərar verib”. APA-nın məlumatına görə, bu barədə İndoneziyanın “The Cakarta Post” qəzetində dərc olunan məqalədə bildirilir.
Yazıda deyilir ki, kütləvi idman bayramı cümə günü Bakıda başlayır: “Dünyanın 50 ölkəsindən 6 mindən çox idmançı 253 medal uğrunda 20 idman növü üzrə mübarizə aparacaqlar. Oyunlar üçün 12 min 500 könüllü cəlb olunub. Bağlanış mərasimi iyunun 28-də keçiriləcək”.
Məqalədə Azərbaycanın gənclər və idman naziri Azad Rəhimovun bu oyunları keçirməyin Azərbaycan üçün böyük şərəf olduğu və ölkənin zəngin mədəniyyət və qonaqpərvərliyini göstərmək üçün unikal imkan yaratdığı barədə açıqlaması yer alıb. Oyunlarla bağlı təşkilat komitəsinə ölkənin birinci xanımı Mehriban Əliyevanın rəhbərlik etdiyi vurğulanıb.
“Biz balaca ölkəyik, lakin böyük Avropa Oyunlarını keçirməyə hazırıq. Gələn il Azərbaycan “Formula 1” yarışına ev sahibliyi edəcək. Daha sonra 2017-ci ildə İslam Həmrəyliyi Oyunları baş tutacaq”. Bu sözləri isə Azərbaycanın İndoneziyadakı səfiri Tamerlan Qarayev deyib.
Yazıda qeyd olunur ki, Bakıda bir sıra idman növləri üzrə qızıl medal qazananlar avtomatik olaraq Rio Olimpiya Oyunlarına qatılma hüququ əldə edəcəklər: “Rusiya, Türkiyə, Almaniya, Fransa və İspaniya özlərinin ən yaxşı nümayəndə heyətlərini Bakıya göndəriblər. Gözlənilməz addımı Niderland atıb. 2019-cu il Avropa Oyunlarına ev sahibliyi etmək üçün seçilən bu ölkə oyunu keçirməkdən imtina edib və Avropa Olimpiya Komitəsinin səylərinə böyük zərbə vurub”.