Bakı - APA. Avropa Olimpiya Komitələri (AOK) Koordinasiya Komissiyası Bakıya səfərindən sonra Bakı 2015 Avropa Oyunlarına hazırlığı yüksək qiymətləndirib.
APA - nın məlumatına görə, komissiyanın üzvləri yarış obyektlərinə baş çəkiblər, Bakı 2015 Avropa Oyunları Əməliyyat Komitəsinin (BAOƏK) bir sıra şöbələrinin təqdimatları ilə tanış olublar.
Onlar həmçinin Bakı 2015-in yeni ofisinin açılış mərasimində iştirak ediblər.
AOK Koordinasiya Komissiyasının sədri Spiros Kapralos BAOƏK-in son aylarda əldə etdiyi yenilikləri yüksək qiymətləndirib. “Bakıda möhtəşəm komanda var və bu səfər bizə ilk Avropa Oyunlarını dünya səviyyəli tədbirə çevirməyə çalışan strukturun yeni üzvləri ilə görüşmək imkanı verib. Avropa Oyunları Avropa idmanı üçün tarix yazacaq”, - deyə o vurğulayıb.
Gənclər və idman naziri Azad Rəhimov isə gələn il Oyunlarda hər bir yarış məkanının elit Avropa idmanından zövq alan azarkeşlərlə dolu olacağına inandığını deyib. “Biz burada - Bakıda həyəcanın və gözləntinin artdığını hiss edirik. Avropa Oyunları yalnız idman yarışlarının yeni erasını deyil, həm də qitədə dostluğu nümayiş etdirir”, - deyə o vurğulayıb.
Öz növbəsində Bakı 2015-in Əməliyyatlar üzrə baş direktoru Saymon Kleq bildirib ki, Bakıda keçirilən Koordinasiya Komissiyasının görüşü son səfərdən sonra əldə olunmuş önəmli uğurlar haqqında məlumat vermək imkanı yaradıb: “Avropa Oyunlarının açılış mərasiminə cəmi 281 gün qalıb. Əminəm ki, Avropanı idmanda birləşdirəcək bir tədbiri keçirmək üçün komandamız və imkanımız var”.
Bakı 2015 komandasının yüksək vəzifəli üzvləri Koordinasiya Komissiyasını biletlər, kommersiya sponsorluğu, yayım müqavilələri və idman proqramı məsələlərindəki inkişafla bağlı məlumatlandırıblar.
Qeyd edək ki, AOK Koordinasiya Komissiyasının sonuncu görüşü 2015-ci ilin fevral ayında baş tutacaq.