Bakı. Aynur Əliyeva - APA-Economics. “Gələn il Bakıda keçiriləcək I Avropa Oyunlarının məşəli iki ay öncədən hazırlanmalıdır. Hazırda biz Avropa Oyunları Komitəsindən cavab gözləyirik”.
"APA-Economics"in məlumatına görə, bunu jurnalistlərə açıqlamasında gənclər və idman naziri Azad Rəhimov bildirib.
Olimpiya məşəlinin yandırılması məkanının Yunanıstan olduğunu xatırladan nazir deyib ki, ola bilsin, məşəl Yunanıstanın hansısa qədim stadionlarının birində yandırılsın: "Amma bunun üçün xüsusi icazə alınmalıdır. Hazırda məsələ üzərində iş gedir. Hələ ki, vaxtımız var".
Olimpiya məşəlinin keçəcəyi ərazilərdən danışan A.Rəhimov qeyd edib ki, Azərbaycanın kifayət qədər gözəl məkanları var: "Olimpiya məşəlini ucqar ərazilərdən, bölgələrdən, "Yanardağ", "Atəşgah" məbədi kimi tarixi ərazilərindən keçərək də aparmaq olar".