Bakı - APA. Mayın 6-da Belçikada “Avropa idman gecəsi” adlı böyük idman tədbiri keçiriləcək. Sayca 4-cü dəfə keçirilən və Avropa Olimpiya Komitəsinin Avropa İttifaqı ofisinin təşkil etdiyi gecədə Azərbaycanın gənclər və idman naziri Azad Rəhimov, Avropa Olimpiya Komitəsinin prezidenti Patrik Hikki, Avropa Parlamentinin prezidenti Martin Şults, Hessen ştatının daxili və idman naziri Peter Beuth, Hessen ştatının federal və Avropa İşləri naziri Lucia Puttrich və digər ölkələrin idman nazirləri və federasiya rəhbərləri iştirak edəcək.
Gənclər və İdman Nazirliyinin mətbuat xidmətindən APA-ya verilən xəbərə görə, “Avropa idman gecəsi”nin keçirilməsində əsas məqsəd idmanda yeniliklərin əldə olunması, federasiyalar və Avropa olimpiya komitələri arasındakı əlaqələrin möhkəmləndirilməsi və idmanda narahatlıq doğuran bir sıra problemlərin aradan qaldırılmasıdır.
Tədbir zamanı plenar iclasların keçirilməsi və 200-dən artıq qonağın iştirakı ilə bir sıra müzakirələrin aparılması da nəzərdə tutulur.
“Bakı 2015 Avropa Oyunları: 5 həftə qalmış” bölümündə nazir Azad Rəhimov tədbir iştirakçılarına Azərbaycanda idman sahəsində görülən işlər, əldə olunan nailiyyətlər haqda məlumat verəcək. 20 dəqiqəlik çıxışında eyni zamanda Azad Rəhimov “Bakı 2015” Avropa Oyunlarına hazırlıq, bu sahədə görülən işlər, açılan idman qurğuları, keçirilən tədbirlər və digər məlumatları da qonaqların diqqətinə çatdıracaq.