Bakı - APA. İdman sahəsində ixtisaslaşmış nüfuzlu beynəlxalq “Sportcal” resursunun hazırladığı reytinq cədvəlinə əsasən, Azərbaycan 4111 xalla 81 ölkə arasında 37-ci yerə layiq görülüb.
APA-nın AzərTAC-a istinadən verdiyi məlumata görə, “Sportcal” resursu dünyanın 97 faizini əhatə edən 190 ölkədə idmanın hazırkı inkişaf durumunu araşdırır.
Bu resurs Qlobal İdman Təsiri layihəsinin əsas tərəfdaşlarından biridir. İdmanın insanların gündəlik həyatında mühüm rolunu nəzərə alaraq reallaşdırılan bu layihə çərçivəsində resurs dünyanın onlarla ölkəsində və şəhərində idmanın cəmiyyətdəki rolunu müəyyənləşdirmək üçün araşdırma aparıb və Azərbaycan 4111 xalla 81 ölkə arasında 37-ci yerə layiq görülüb.
Bundan başqa, “Sportcal” dünya şəhərlərində idmanın insanların həyatına təsirini qiymətləndirmək üçün də araşdırma aparıb. Bakı 100 şəhər arasında 26-cı yerdə qərarlaşıb. Şəhərlərin müəyyənləşdirilməsi zamanı paytaxtımız 3974 xalla bu yerə layiq görülüb. Resurs araşdırma apardığı ölkənin, o cümlədən şəhərin ev sahibliyi etdiyi idman tədbirlərini, bu tədbirlərdə iştirak edənlərin sayını, yaradılan idman infrastrukturunu əsas götürüb.