Atletlər Kəndinin cənubunda yerləşən obyektin tikintisi 2014-cü ilin fevralda tamamlanıb. Həmin ilin apreldə Azərbaycan Prezidenti İlham Əliyevin iştirakı ilə bu arenanın rəsmi açılışı olub.
Apasport.az saytının məlumatına görə, Bakı-2015-də burada 6 növ – bədii gimnastika, kişi və qadın idman gimnastikası, akrobatika, aerobika, batut və tamblinq üzrə yarışlar təşkil olunacaq. Yarışlarda ümumilikdə 447 gimnast 34 dəst medal uğrunda mübarizə aparacaq.
Arena son illərdə ölkəmizdə təşkil olunan idman obyektləri sırasında ən yaxşılardandı və digər komplekslərlə tam hazırdı. Həmçinin, buranın fasadı da xüsusi formada inşa olunub. Maraqlı illüminasiya elementləri təqdim edən ekranlar quraşdırılan kompleks əsas yarış və köməkçi məşq hissələrindən ibarətdi. Arenada mətbuat mərkəzi, media nümayəndələrinin yarışı izləməsi üçün xüsusi yerlər, tibbi yardım məntəqəsi, xoreoqrafiya, trenajor zalları, dopinq nəzarəti, inzibati otaqlar, mağazalar, kafelər və digər yardımçı sahələr var. Avropa Gimnastika İttifaqı və Azərbaycan Gimnastika Federasiyasının tövsiyələri əsasında zallarda ən son gimnastika avadanlıqları quraşdırılıb və bu səbəbdən də, dünyanın ən yaxşı gimnastika komplekslərindən biri sayılır.
Digər idman obyekti ilə müqayisədə Milli Gimnastika Arenasında olduqda, burada gərgin məşqlərin şahidi olduq. Hər kəs öz işinin başındaydı. Hazırlıq keçən gimnastlarının hamısının yerli olmamağı da diqqətdən yayınmadı. Avropa Oyunlarında iştirak edəcək gimnastlarımızın yarışlara yollanması səbəbindən əsas məşq meydanı Yeni Zelandiya millisinin ixtiyarındaydı. Ada təmsilçisi də daha yaxşı hazırlıq keçmək üçün dünyanın ən yaxşı arenalarından hesab olunun kompleksin qonağıydı. Burada öyrəndik ki, nəinki Avropanın, bütün qitələrin komandaları Azərbaycanda hazırlıq keçməkdə maraqlıdı. Çünki 2002-ci ildən Azərbaycan Gimnastika Federasiyasının prezidenti olan Mehriban Əliyevanın fəaliyyəti nəticəsində ölkəmizdə idmanın bu növünün yeni inkişaf mərhələsi başlanılıb. Yığmalarımızın heyətinin gücləndirilməsi ilə yanaşı, maddi-texniki baza da yüksək səviyyədə formalaşdırılıb. Arenanın ilk beynəlxalq yarışı isə ötən ilin iyununda XXX Avropa çempionatı olub.
Burada oturacaqlar belə dəyişkəndi. Bakı-2015 Avropa Oyunlarının Əməliyyatlar Komitəsinin gimnastika üzrə meneceri Zərifə Həsənovanın saytımıza verdiyi açıqlamada bildirib ki, əsas hissədə kresloların sayı tamaşaçıların tələbatına uyğun olaraq, artırıla bilər: “Arenada 9 min 600 oturacaqlar var. Onun 3 mini tamaşaçıların tələbatından asılıdı. Əgər azarkeşlər çox olarsa, həmin zaman bu oturacaqlardan istifadə olunacaq. Həmçinin, 2 arenanın ayrılması da mümkündü. İstənilən zaman pərdələr çəkilir və 2 hissəyə bölünür. Belə olan halda idmançılar bir tərəfdə məşq edir və adları səsləndikdə oyun zalına keçirlər”.
Arenada martda sınaq yarışları keçirilib və uğurla başa çatıb. Həsənovanın sözlərinə görə, kompleks bu səbəbdən Avropa Oyunlarında 6 növ üzrə yarışı qəbul etmək üçün tam hazırdı: “Podiumlar qurulub. Oyunlar zamanı baş dəyişikliklər olacaq. Bu ondan ibarətdi ki, gimnastika 6 növ üzrə keçirildiyindən podiumların dəyişdirilməsi zəruridi. Məsələn, batutda ona, idman gimnastikasında da özünə uyğun avadanlıqlar bir-birini əvəz edəcək”.
Azərbaycan yığması üçün kompleksdə hər şərait yaradılıb. Komandamız burada məşq etməklə yanaşı, arenanın ikinci mərtəbəsində yerləşən oteldə qalır. Həsənova bildirib ki, bu, gimnastlarımıza məşqləri ilə yanaşı, təhsilini davam etdirməyə hesablanıb.
Əsas zalla müqayisədə köməkçi məşq zalında isən necə deyərlər, ağız deyəni, qulaq eşitmirdi. Bu da təbiidi. Çünki burada bütün növlər üzrə məşqlər gedir, çalışdırıcılar onlarla bir hərəkət edirdilər. Bir çoxları tərəfindən “Gimnastların cənnəti” adlanan zalın Azərbaycanda analoqu yoxdur desəm, yanılmaram.
Azərbaycan Gimnastika Federasiyasının baş katibi Fərid Qayıbov bizimlə söhbətində bütün şəraitin yaradılması idmançılarımızın uğurlu çıxışına hesablandığını deyib. Onun sözlərinə görə, əsas məqsədləri tək Avropa Oyunlarında deyil, iştirak etdikləri bütün yarışlarda ölkəmizin adını yüksəklərə qaldırmaqdı: “Məşq, qidalanma, bir sözlə, hər şey yüksək səviyyədədi. Heç bir problem yoxdu. Doğma divarlar arasında çıxış etmək məsuliyyətlidi. Digər ölkələrdə oluruq, heç bir ölkədə gimnastlar üçün belə bir şərait yaradılmayıb. Hazırda nəinki Avropadan, ABŞ-dan, digər qitələrdən də burada təlim-məşq üçün müraciətlər gəlir”.
Qayıbovla yanaşı, federasiyanın və arenanın digər rəsmiləri idmançılarımızın məşqlərini də diqqətdə saxlayırlar. Bunu vacib məqam kimi vurğulayan həmsöhbətimiz 2002-ci ildən Gimnastika Federasiyasına Mehriban Əliyevanın prezident seçilməsindən sonra intibah dövrünə qədəm qoyduğunu xatırladıb.
Artıq Azərbaycan tək bədii gimnastikada deyil, digər növlərdə də favoritlər sırasındadı. Məşqləri izləyərkən ehtiyat qüvvənin də uğurun davamını gətirəcəyi aşkar görünürdü. Avropa Oyunları üçün 6 növün hamısında hazırlıqların yüksək səviyyədə davam etdiyini deyən Qayıbov yaxın gələcəkdə yeni idman növlərində də sözlərini deyəcəklərinə əminlik ifadə edib: “Bildiyiniz kimi, 2002-ci ildən Gimnastika Federasiyasının prezidenti Mehriban xanım Əliyevadı. Həmin vaxtdan yeni yaradılan federasiya kimi 3 növü özümüzdə birləşdirmişdik. 2013-cü ilin sonundan isə biz daha 3 növü – batut, qadın idman gimnastikası və aerobika bölmələri açdıq, milli komanda formalaşdırdıq. İnanırıq ki, necə bədii gimnastikada irəli getmişiksə, yaxın gələcəkdə bu idman növlərində də inkişaf olacaq. İdmançılarımız Avropa və dünya çempionatlarında liderlər sırasında yer alacaq”.
Bədii gimnastikadan söz düşmüşkən, komandamız Avropa çempionatına hazırlıq məqsədi ilə ölkə xaricindədi. Lakin zalda yeniyetmə bədii gimnastların ecazkar çıxışları heç də pis alınmırdı.
Qayıbovun sözlərinə görə, bu il yığmalarımızın yarış qrafiki sıx olduğundan bəzən bir ölkədən digərinə yola düşürlər. O, İtaliyada keçirilən son Dünya Kubokunda komandamızın lideri, Avropa Oyunlarında böyük ümidlər bəslənilən Marina Durundanın medalsız qalmasına da aydınlıq gətirib: “Durunda son 3 həftədi müxtəlif yarışlarda çıxış edir. Onun İtaliyada pis çıxış etdiyini deyə bilmərəm. O, hər zaman medallar uğrunda mübarizə aparır. Bu həftə 2 idman növü üzrə Avropa çempionatı keçirilir. Qadın və kişilər arasında idman gimnastikası üzrə millimiz Fransanın Monpelye şəhərində mübarizə aparacaq. Aprelin sonu – mayın əvvəllərində bədii gimnastika üzrə qitə çempionatı olacaq. Ardınca Avropa Oyunları və sentyabrdan dünya çempionatları başlayacaq. Artıq mundialdan Rio-de-Janeyro-2016-ya lisenziyalar uğrunda mübarizəyə start verəcəyik”.
Aprelin 4-də dünyasını dəyişən qadın idman gimnastikası üzrə yığma komandamızın baş məşqçisi Aleksandr Pravdinə isə hələ əvəzləyici tapılmayıb. Federasiya rəsmisinin sözlərinə görə, komandamız bu gün start götürəcək Avropa çempionatında onun həyat yoldaşının rəhbərliyi altında çıxış edəcək: “Hələlik yeni baş məşqçi gəlməyib. Dərhal dəyişiklik etmək çox çətindi. Biz həm yaxşı bir çalışdırıcı, həm də yaxşı bir insan axtarışdayıq. Bu idman növü bizdə yeni yaransa da, yarışlar təşkil etmişik. Kiçikyaşlı qızlarımız çox həvəslidilər. Açığını deyim, Avropa çempionatına komandamız məşqçisiz gedib. Pravdini yoldaşı əvəzləyib. Amma o, xoreoqrafdı, məşqçi deyil. Lakin komanda burada çıxışını bitirdikdən sonra axtarışları sürətləndirərdik. Düzdü, hazırda namizəd yoxdu. Avropa Oyunları öncəsi yeni məşqçi tapıb, onunla işləməyi istəyirik”.
Avropa Oyunlarda gimnastika növünə iyunun 14-dən start veriləcəyi halda, yarışın startından – 2 gün öncədən Milli Gimnastika Arenası komandaların sərəncamında olacaq.