Bakı – APA. Avropa Oyunlarına hazırlaşan boks üzrə Azərbaycan millisi Meksikaya təlim-məşq toplanışına yollanıb. Boks Federasiyasından apasport.az saytına verilən məlumata görə, mayın 24-ə kimi davam edəcək hazırlıq prossesində seçməmizin bütün liderləri iştirak edəcək.
Komandamızla yanaşı, Meksika, Panama, eləcə də, həmin bölgədə yerləşən digər ölkələrin də boksçularının toplanışda iştirakı gözlənilir. Millimiz Meksikaya baş məşqçi Pedro Rok, məşqçilər Nəriman Abdullayev və Lazaro Ximenes Martinesin rəhbərliyi altında 17 idmançıyla yollanıb. İki dəfə dünya, Avropa çempionu, London Olimpiadasının bürünc mükafatçısı Məhəmmədrəsul Məcidov, dünya çempionu Cavid Çələbiyev, Avropa çempionu, dünya çempionatının və Olimpiya oyunlarının mükafatçısı Teymur Məmmədov kimi yığmamızın liderləri hazırlıq prossesinə qatılıblar.
WSB liqasında “Baku Fires” klubunun heyətində mübarizə aparan Albert Səlimov, Pərviz Bağırov, Soltan Migitinov və Abdulqadir Abdullayev də milli komandanın heyətinə cəlb olunublar.
49 kq – Salman Əlizadə, Rüfət Hüseynov
52 kq – Elvin Məmişzadə, Məsud Yusifzadə
56 kq – Cavid Çələbiyev, Tayfur Əliyev
60 kq – Elvin İsayev, Albert Səlimov
64 kq – Lorenzo Sotomayor
69 kq – Tamerlan Abdullayev, Pərviz Bağırov
75 kq – Kamran Şahsuvarlı, Xaybulla Musalov
81 kq – Soltan Migitinov
91 kq – Teymur Məmmədov, Abdulqadir Abdullayev
+91 kq – Məhəmmədrəsul Məcidov
Qeyd edək ki, Bakı-2015 iyunun 12-28-də olacaq.