Bank Of Baku

Bakı-2015: Azərbaycanın da felpsləri olacaq - REPORTAJ - FOTOSESSİYA

Bakı-2015: Azərbaycanın da felpsləri olacaq - <span style="color: red;">REPORTAJ  - <span style="color: red;">FOTOSESSİYA
# 18 fevral 2015 15:28 (UTC +04:00)

Bakı. Tahir Hümmətov – APA. Bakı Su İdman Mərkəzi... Bəlkə də illər öncə Azərbaycanda belə tikilinin olacağı heç kimin ağlına gəlmirdi. Lakin I Avropa Oyunlarının paytaxtımızda keçirilməsi ölkəmizdə ənənəsi olmayan idman növlərinin inkişafına da təkan verib. Artıq fəxrlə deyə bilərik ki, Azərbaycanda bütün idman növləri intibah dövrünü yaşayır və uğurlu gələcək vəd edir...

 

***

 

... Bakı Su İdman Mərkəzi dedikdə, burada üzgüçülük, sinxron üzgüçülük və suyatullanma yarışları göz önünə gəlir. Bu 3 növ üzrə isə Azərbaycanda güclü idmançılar demək olar ki, yox idi. Hətta yığmamız Yay Olimpiya Oyunlarına  wild-cardla qatılır (yalnız üzgüçülükdə), burada ciddi nəticə göstərə bilmirlər.

 

***

 

Bakı-2015 Avropa Oyunları Əməliyyat Komitəsi apasport.az-ın Bakı Su İdman Mərkəzinə yollanmaq sorğusuna müsbət dəyərləndirərək, gələcək felpslərin yetişə biləcəyi Saraydan reportaj hazırlamağımıza imkan yaratdı. Təbii ki, yolboyu da məhz ABŞ idmançısı Maykl Felps haqda düşündük. Çünki su idman növləri haqda düşünərkən, ağıla gələ biləcək ikinci idmançı yoxdu. 14 Olimpiya qızılı ilə məşhurlaşan amerikalının tarix yazdığı idman növündə hələ çox geri qalırıq.

 

Düzdü, ölkəmizdə SSRİ vaxtında üzgüçülüklə məşğul olanlara rast gəlmək mümkündü. Azərbaycan üzgüçülüyündən danışdıqda isə Tatyana Kurnikovadan başqa hansısa simanı xatırlamaq mümkün deyil. Bu il 50 yaşı tamam olacaq idmançımız ötən əsrin 80-ci illərində qazandığı uğurlarla özündən söz etdirib. 1984-cü ildə Los-Anceles Olimpiadasında medal qazanmağa əsas namizədlərdən sayılan istedad başda SSRİ olmaqla, sosialist ölkələrinin yarışı boykot etməsinin qurbanı olub. Nəticədə alternativ olaraq keçirilən “Dostlu Oyunları”na yollanan Kurnikova burada 4 medal qazanıb. Batterflyay üsulu ilə üzməkdə ad çıxaran təmsilçimiz 100 m məsafədə Avropa rekordu da müəyyənləşdirib. Bundan sonra qitə birinciliyi və universiadalarda müxtəlif əyarlı medallar qazanan üzgüçümüzün yolunu davam etdirən hələ də yoxdu.

 

Lakin Avropa Oyunları üçün inşa olunan Saray yeni kurnikovalar, bəlkə də felpslərin yetişməsinə zəmin yaradacaq. Təbii ki, bu idman növünə maraq da kütləviləşməyə təkan verdikdən sonra yüksəliş dövrünə qədəm qoyacaq.

 

***

 

Mərkəzdə tikintilər sürətlə davam etdirilir. Apasport.az saytının əməkdaşı bu gün Bakı Su İdman Mərkəzində olarkən, bunu canlı izləyib. Obyektin tikintisində çalışanlar üçün hətta küləkli hava və sulu qarın yağması da hansısa fasiləyə zəmin yaratmayıb. Sanki hər biri qızmar havada – iyunda keçiriləcək möhtəşəm Oyunların istisini indidən hiss edir və həvəslə işləyirlər.

 

Bunu Bayraq Meydanı Obyektlər qrupunda yerləşən Bakı Su İdman Mərkəzinə ayaq basarkən hiss etməmək mümkün deyil. Hər şeyin plan və qaydalar çərçivəsində getdiyi obyektdə əvvəlcə təəccübləndiyimizi də qeyd etməliyəm. Çünki bizi əməyin təhlükəsizliyi üzrə təlimatına uyğun olaraq, dəbilqə və geyimlə təmin etdilər. Sarayın layihə üzrə rəhbəri Tom Butçerin gülərüzlə bizi qarşılaması da tikintinin proqram üzrə vaxtında təhvil bitəcəyindən xəbər verirdi.

 

Düzdü, betondaşıyan maşınlar, ağır texnika və yüzlərlə insanın çalışması diqqətimi cəlb edərkən, mərkəzin tikintisinin bir qədər gec başa çatacağını fikirləşdim. Çünki obyektin bayır hissəsində hansısa ciddi iş görülməmiş, sarayın giriş hissəsində isə tavanın vurulması davam etdirilirdi. Əslən Avstraliyadan olan Butçer sanki bunu duymuş kimi içəri daxil olanda hansısa gecikmənin olmayacağını açıqladı: “Tikinti işlərini fevralın sonuna başa çatdırmağı planlaşdırırıq. Mərkəz iyunda başlayacaq Oyunlara kimi tam hazır olacaq”.

 

Avropa Oyunlarında 14 gün ərzində 800 idmançının ixtiyarında olacaq mərkəzdə işlər 24 saat durmadan davam etdirilir. Layihə rəhbərinin sözlərinə görə, 1000-ə yaxın insan 2 növbəli sistemlə gecə-gündüz çalışır.

 

Voterpol Arenası, Çimərlik Arenası və Basketbol Arenası ilə həmsərhəd olan mərkəzin tək fasadı deyil, içərisi də göz oxşayırdı. Hətta əvvəlcədən ölkəmizə gələcək idmançılar və qonaqların əsl memarlıq əsəri olan obyekti daima xatırlayacağını desək, yanılmarıq. Butçer Azərbaycan hökuməti tərəfindən Avropa Oyunları və xalqınız üçün tikilən Bakı Su İdman Mərkəzi haqda ətraflı məlumat verdikdən sonra bizi obyektlə tanış etdi.

 

Tikinti işləri yekunlaşmaq üzrə olan Mərkəzdə üzgüçülük və suyatullanma, həmçinin 2 məşq hovuzu tam hazırdı. Hovuzlara ilkin olaraq, su da buraxılıb. Bu, yarış zamanı hovuzlarda hansısa problemin yaranmaması səbəbindən irəli gəlir. Səviyyəsi 4 mərtəbə hündürlüyündə olan obyektdə yarışları izləyəcək 6000 tamaşaçı üçün oturacaqlar da qurulub.   

 

Birinci mərtəbənin qərb hissəsində yarışların nəticələrinin qeydiyyatı otağı olacaq. Burada həmçinin, paltardəyişmə və media otağı da nəzərdə tutulub. VİP qonaqlar üçün otaqlar ikinci mərtəbədə inşa edilib. Mərkəzin şərq hissəsində tamaşaçılar, qərb hissəsi isə əsasən akkreditasiyadan keçmiş qonaqlar yer alacaqlar.

 

Lakin Oyunlar üçün nəzərdə tutulan 18 obyekt sırasında olan Mərkəzdə beynəlxalq test yarışı nəzərdə tutulmayıb. Butçer bildirib ki, burada olacaq 4 yerli sınaq turniri obyekt barədə tam fikir formalaşdırmağa imkan verəcək: “Yoxlanış üçün daxili yarışlar olacaq. Burada azarkeşlərin iştirakı nəzərdə tutulmayıb. Bu, yarış yerini yoxlamağa hesablanıb. Lakin hər şeyə qərarı Bakı-2015 Avropa Oyunlar Əməliyyat Komitəsi verəcək və onlarla razılaşdırılacaq”.

 

Hovuzların ölçüsünə gəldikdə, hamısı beynəlxalq standartlara cavab verir və hansısa çatışmalıqdan söhbət gedə bilməz. Əksinə, bütün yeniliklərin nəzərə alındığı obyekt bir sıra aparıcı mərkəzləri belə geridə qoyacaq. 50 metr uzunluğunda olan üzgüçülük hovuzunun eni 25 metr, dərinliyi 2 metrdi. Suyatullanma hovuzu isə 25 metr uzunluğundadı. Buranın eni 20 metr, dərinliyi 4 metrə bərabərdi.

 

Maraq doğuran məqamlardan biri Mərkəzin yeni formalaşan üzgüçülük, sinxron üzgüçülük və suyatullanma yığmalarımızın ixtiyarına nə vaxt veriləcəyidi. Butçer bildirib ki, bununla bağlı dəqiq məlumatı olmasa da, təmsilçilərimizin test yarışlarına qatılması mümkündü: “Hazırda Oyunlara hazırlaşan Azərbaycan millisinin öncədən burada hazırlıq keçməsi yaxşı olardı. Əlbəttə, test yarışları olduqda yerli idmançılar da iştirak edə bilərlər”.

 

Mərkəzlə tanışlıq, hər yeni görülən iş məndə xüsusi maraq yaratsa da, Butçerin bizim üçün ayırdığı vaxt başa çatırdı. Füsunkar gözəlliyə malik olan Mərkəzi tərk etmək istəməsək də, ən azı bura haqda son məlumatları, işlərin gedişatını idmansevərlərə çatdırmaq üçün redaksiyaya qayıtmalı idim. Saraydan ayrılarkən obyektin yekunda hansı formada olacağını, ətrafında salınacaq parka da nəzər yetirdim. Bir cümlə ilə ifadə etsək, gələcəkdə bizim də felpslərimizin olacağına ümidim artdı...

1 2 3 4 5 İDMAN XƏBƏR

Olimpiada

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR