Apasport.az saytının məlumatına görə, o,bürünc medal uğrunda slovakiyalı Soslan Qaqloyevlə qarşılaşıb və son görüşünü qələbə ilə başa vurub. Maqomedov rəqibini 7:2 hesabı ilə məğlub edərək, bürünc medala yiyələnib.
Bu medal yığmamızın 27-ci mükafatı olub.
Avropa və dünya çempionatının mükafatçısı Camaləddin Maqomedov ilk görüşünü Yonas Rudaviçiusa (Litva) qarşı keçirib. Güləşçimiz döyüşün taleyini ilk hissədəcə həll edib. Rəqibi üzərində təmiz qələbə qazanan (10:0) Maqomedov 1/8 finalda türkiyəli Taha Akgüllə qarşılaşıb. Təəssüf ki, görüşdən rəqib üstün ayrılıb - 5:2.
Akgül finalda iştirak hüququ qazandığından Maqomedov təsəlliverici görüşlərə qatılıb. Robert Baranla (Polşa) güləşən Camaləddin təmiz qələbə (11:0) sayəsində növbəti mərhələyə adlayıb.
Ölkəmizi 86 kq çəkidə təmsil edən Nurmaqomed Hacıyev 3-cü yer uğrunda görüşdə polşalı Radoslav Marcinkyeviczlə gücünü yoxlayıb. 19 yaşlı Hacıyev 3:0 hesabı ilə öndə olsa da, 3:5 hesabı ilə uduzub. Nəticədə o, yarışı 5-ci pillədə bitirib.
Qeyd edək ki, sərbəst güləş yarışlarının ilk günündə Toğrul Əsgərovla (66 kq) Xetaq Qazyumov (97 kq) qızıl, Cəbrayıl Həsənov (74 kq) isə bürünc medal qazanıb.