Bakı - APA. Gürcüstan Milli Olimpiya Komitəsinin 25-ci ildönümü münasibətilə keçirilmiş tədbirlərin bir hissəsi olaraq Bakı 2015 Avropa Oyunları Tbilisidə Müstəqil Dövlətlər Birliyinin (MDB) və Baltikyanı ölkələrin Milli Olimpiya Komitələrinin Regional Forumunda təqdimat keçirib.
APA-nın xəbərinə görə, tədbirə dəvət olunmuş qonaqları, o cümlədən Beynəlxalq Olimpiya Komitəsinin üzvlərini birinci Avropa Oyunları ilə əlaqədar əldə olunmuş son nailiyyətlər barədə məlumatlandırmaq üçün Bakı 2015-in və Azərbaycan Milli Olimpiya Komitəsinin üzvlərindən ibarət komanda da tədbirdə iştirak edib.
Beynəlxalq Olimpiya Komitəsinin Olimpiya Həmrəyliyi üzrə Milli Olimpiya Komitəsi Mübadilə və Regional Forumlar proqramı çərçivəsində MDB regionundan və Baltikyanı ölkələrdən ümumilikdə 15 ölkə Gürcüstana dəvət olunub.
Nümayəndələri I Avropa Oyunları ilə bağlı gedən hazırlıq işləri barəsində məlumatlandıran Bakı 2015 Avropa Oyunları Əməliyyat Komitəsinin Atlet Xidmətləri və Əməliyyatlar şöbəsinin direktoru Ceyms Makleod deyib ki, Azərbaycanın qonşu ölkələrini yaxın zamanlarda əldə etdiyi irəliləyişlər barədə məlumatlandırmaq baxımından bu tədbirə dəvət olunmaq gözəl imkandır: “Gürcüstan Milli Olimpiya Komitəsi tərəfindən bu cür nüfuzlu ildönümü tədbirinə dəvət olunmaq bizim komanda üçün böyük şərəf oldu. Biz həmin ölkələrin idmançılarının Bakı şəhərində keçiriləcək birinci Avropa Oyunlarında yarışacaqlarını səbirsizliklə gözləyirik. Fürsətdən istifadə edərək Gürcüstanın Milli Olimpiya Komitəsini 25 ildə əldə etdiyi uğurlar münasibətilə təbrik etmək və gələcəkdə daha daha böyük nailiyyətlər arzulamaq istərdim”.
Beynəlxalq Olimpiya Komitəsinin prezidenti Tomas Bax və Avropa Olimpiya Komitələrinin prezidenti Patrik Hikki də həftə sonu keçirilmiş tədbirdə iştirak edib və Gürcüstan prezidenti və baş naziri, eyni zamanda 2015-ci ilin iyun ayında baş tutacaq I Avropa Oyunlarında iştirak edəcəklərinə ümid edən gənc idmançılarla görüşüb.
Qeyd edək ki, 2015-ci ilin 12-28 iyun tarixlərində keçiriləcək Bakı 2015 Avropa Oyunları Avropa qitəsi üçün çoxsaylı idman növləri üzrə baş tutacaq çox maraqlı və innovativ yarışlar olacaq.
Bakı 2015 Avropa Oyunları ümumilikdə 20 idman növü üzrə keçiriləcək: bunlardan 16-sı Olimpiya idman növü, dördü qeyri-olimpiya idman növü olacaq. Avropanın müxtəlif ölkələrindən 6000-dən çox idmançının 17 yarış günü müddətində öz ölkələrini təmsil edəcəyi gözlənilir.
On bir idman növü 2016-cı il Rio-de-Janeyro Olimpiya Oyunları üçün seçmə yarışlara imkan yaradacaq. Həmin idman növlərinə Oxatma, Yüngül atletika, Boks, Velosiped idmanı, Atıcılıq, Üzgüçülük, Stolüstü tennis, Taekvondo, Triatlon, Güləş və Voleybol daxildir.
Avropa Oyunlarının keçirilməsi 2012-ci ilin dekabr ayında Avropa Olimpiya Komitələri (AOK) tərəfindən Bakı şəhərinə həvalə olunub. Bakı Avropa Oyunları Əməliyyat Komitəsi (BEGOC) AOK ilə əməkdaşlı şəkildə Oyunları təşkil və idarə edəcək.