Bakı-APA. Bu gün “Bakı-2015” Birinci Avropa Oyunlarında karateçilər mübarizəyə qoşulub.
Apasport.az saytının məlumatına görə, “Kristal Zal”da təşkil edilən ilk yarış günündə 6 dəst medal sahibini tapacaq. Kumite növü üzrə baş tutan çəki dərəcələrinin hamısında Azərbaycan təmsil olunur.
Kumite
Kişilər
60 kq
A qrupu
Bu çəkidə tatamiyə çıxan Firdovsi Fərzəliyev ilk qarşılaşmada ispaniyalı Matias Qomes Qarsiya ilə üz-üzə gəlib. Rəqibini 2:0 hesabı ilə məğlub edən I dan qara kəmər sahibinin növbəti görüşdə rəqibi albaniyalı Halil Marqeş olacaq. Həmyerlimiz son görüşdə isə italiyalı Luka Mareskla döyüşəcək.
67 kq
A qrupu
Komandamızın medal ümidlərindən olan Niyazi Əliyev yarışa gürcüstanlı İrakli Tkebuçava ilə start verəcək. Həmyerlimizin yer aldığı qrupda Stevan Da Kosta (Fransa) və ispaniyalı Manuel Rosero Ruis də növbəti mərhələyə vəsiqə uğrunda gücünü yoxlayacaq.
75 kq
A qrupu
Yığmamızın lideri Rafael Ağayev də bu gün mübarizəyə qoşulacaq. Dünya və Avropa çempionumuz debüt görüşündə ukraynalı İlya Nikulinlə üz-üzə gələcək. İkinci qarşılaşmasında Erman Eltemuru (Türkiyə) sınağa çəkəcək həmyerlimiz qrupda son döyüşünü Latviyanı təmsil edən Ruslan Sadıqova qarşı keçirəcək.
Qadınlar
50 kq
A qrupu
Bu növdə ölkəmizin idman şərəfini Nuranə Əliyeva A qrupunda yer alıb. İlk görüşdə avstriyalı Bettina Plankla münasibətinə aydınlıq gətirən karateçimiz yuka xalı ilə uduzub - 0:1. O, növbəti 2 görüşündə də ümidləri doğrultmayıb. Türkiyəli Serap Özçelikə 0:6, xorvatiyalı Monika Beruleç 0:3 hesabı ilə məğlub olan Əliyeva qrupda sonuncu olub və vaxtından əvvəl Oyunlarla vidalaşıb.
55 kq
B qrupu
Yığmamızın üzvü İlahə Qasımova birinci döyüşünü Cenni Varlinqə (Lüksemburq) qarşı keçirib. Döyüş 4:0 hesabı ilə təmsilçimizin xeyrinə başa çatıb. O, ikinci görüşündə də uğurlu seriyanı davam etdirib. Türkiyəli Tuba Yakanla qarşılaşan həmyerlimiz bu dəfə 1:0 hesablı qələbəyə sevinib. Bu qələbə sayəsində yarımfinala vəsiqəni təmin edən İlahə son görüşünü xorvatiyalı Yelena Kovaçeviçə qarşı keçirib. Rəqib 1:0 hesabı ilə qalib gəldiyindən, Qasımova qrup ikincisi kimi mərhələ adlayıb.
61 kq
B qrupu
Millimizin karateçisi Fəridə Abıyevanın Avropa Oyunlarında debütü slovakiyalı İnqrida Suşankova görüşə təsadüf edəcək. 20 yaşlı həmyerlimiz daha sonra Ana Lenard (Xorvatiya) və Merve Çobanla (Türkiyə) münasibətinə aydınlıq gətirəcək.