Bakı – APA. Bakı-2015 Avropa Oyunlarının Əməliyyat Komitəsi daha bir beynəlxalq idman elçisinin adını açıqlayıb. Yarışın Təşkilat Komitəsindən apasport.az saytına verilən məlumata görə, bu, britaniyalı taekvondoçu Ceyd Consdu.
O, 2012-ci ildə Londonda keçirilən Yay Olimpiya Oyunlarının taekvondo yarışlarının 57 kq çəki dərəcəsində Böyük Britaniyaya qızıl medal qazandıran ilk idmançı kimi tarixə düşüb. Cons, həmçinin 2011-ci ildə Cənubi Koreyanın Cyoncu şəhərində keçirilən dünya çempionatında və ötən il Bakıda təşkil olunan Avropa çempionatında gümüş medal qazanıb.
Avropa Oyunları Əməliyyat Komitəsinin Əməliyyatlar üzrə baş direktoru Saymon Kleq bildirib ki, Olimpiya çempionunun Bakı-2015-in elçisi olması böyük nailiyyətdi: “Əminəm ki, Ceyd beynəlxalq idman elçisi kimi Avropa Oyunlarını Böyük Britaniyada təbliğ etməkdən zövq alacaq və biz onun bu yay Bakıda keçiriləcək yarışda möhtəşəm performans göstərəcəyinə ümid edirik”.
21 yaşlı taekvondoçu isə ona etimad göstərilməsindən və Bakı-2015-in idman elçisi adına layiq görülməsindən şad olduğunu deyib: “Avropa Oyunlarını təbliğ etmək mənim üçün böyük şərəf olacaq. Qitənin çoxnövlü idman yarışlarının keçirilməsi avropalı idmançılar üçün çox vacibdi və məqsədim taekvondo üzrə I Avropa Oyunlarının çempionu olmaqdı”.
Britaniyanın Olimpiya Assosiasiyasının Bakı-2015 üçün şef de-missionu Mark Enqland da Ceydin beynəlxalq idman elçisi olması yüksək dəyərləndirib: “Bu, britaniyalı idmançıların Avropa Oyunlarına olan həvəsini əks etdirir. Britaniyanın çox güclü idman ənənəsi var. İdman elçisi proqramı qarşıdan gələn Avropa Oyunları barədə ölkədə maraq və həyəcan yaratmağa kömək edəcək”.
Cons Bakı-2015-in beynəlxalq idman elçiləri seçilmiş fransalı bədii gimnast Kseniya Mustafayeva, danimarkalı kanoeçi Rene Holten Poulsen, serbiyanın 3x3 basketbol komandasının üzvləri Duşan Domoviç Bulut, Marko Saviç, Marko Zdero və Dejan Majstoroviçə qoşulur. Daha çox idman elçilərinin adı yaxın zamanlarda açıqlanacaq.
Qeyd edək ki, idman elçiləri öz idman növlərini təmsil edəcək və Avropa Oyunlarını təbliğ etmək üçün bütün qitədə, o cümlədən sosial mediada həyata keçirilən geniş marketinq kampaniyalarında iştirak edəcəklər.