Bakı - APA. Azərbaycan Hava və Ekstremal İdman Növləri Federasiyası (FAİREX) Gənclər və İdman Nazirliyi ilə birgə Qusar rayonunun Ləzə kəndi yaxınlığındakı donmuş şəlalələrdə fevralın 6-7-də IX Buzadırmanma üzrə Açıq Azərbaycan Çempionatı keçirib.
FAİREX-in mətbuat xidmətindən APA-ya verilən məlumata görə, çempionatda qonaq qismində FAİREX-in prezidenti, ekologiya və təbii sərvətlər nazirinin müavini Firdovsi Əliyev və gənclər və idman nazirinin müavini İsmayıl İsmayılov da iştirak edib.
İki gün davam edən yarış oğlanlar və qızlar arasında keçirilib.
Qeyd edək ki, çətinlik mərhələsi üzrə təsnifat-seçim yarışını müvəffəqiyyətlə keçən idmançılar növbəti yarımfinal mərhələsinə vəsiqə qazanıb. Daha sonra çempionat final mərhələsi ilə davam edib.
Yarışın sonunda qaliblərə Gənclər və İdman Nazirliyinin diplomu və FAİREX-in kubok və medalları təqdim olunub.