Bakı. Ramiz Mikayıloğlu - APA. Azərbaycanın Gənlər və İdman Nazirliyi ilə əməkdaşlıq şəraitində Avropa Şurasının Genişləndirilmiş Hissəvi Sazişi (EPAS) tərəfindən nazirlərin qeyri-rəsmi tədbiri keçirilir.
APA-nın məlumatına görə, tədbirdə çıxış edən gənclər və idman naziri Azad Rəhimov deyib ki, hər kəsin Bakı-2015 Birinci Avropa Oyunlarının rəsmi açılışından zövq aldığına inanır. Nazir bildirib ki, BMT baş katibi Pan Gi Munun dediyi kimi, idman həm də icmaların potensialını artırmaq üçün vacib vasitədir: “İdman tədbirləri çox müxtəlif dəyərlərin əldə olunmasına gətirib çıxara bilər və Birinci Avropa Oyunlarına hazırlıq zamanı bu dəyərlər əsas ötürülüb. BMT-nin qəbul etdiyi qətnamədə də idmanın sülhə xidmət etdiyi qeyd olunub. 2014-cü ildə BMT-nin qəbul etdiyi qətnamədə də Avropa Oyunlarının ölkələrin rifahına verəcəyi töhfələr əksini tapıb. İdmanın sosial davamlılığa dəstəyi də mühümdür. Biz Avropa Oyunlarının keçirilməsi ilə bağlı məsuliyyətimizi başa düşürük. Elə idman tədbiri təşkil edəcəyik ki, burada dostluq və birliyi təbliğ edək. Sizi Bakı-2015 Birinci Avropa Oyunlarına töhfə verməyə çağırıram”.
EPAS İdarə Heyətinin sədri Vendela Kuper bildirib ki, növbəti 2 həftə ərzində Avropanın gözü Azərbaycanda olacaq: “Ona görə də bu gün Bakıda olmaqdan qürur duyuram. Birinci Avropa Oyunları irqindən, dinindən asılı olmayaraq hər kəsi bir araya gətirir, onlar qarşılıqlı hörmət və anlaşma içərisində bir araya gəliblər. Avropa Oyunları digər idman tədbirləri kimi öz irsinə malik olacaq, bu yarışı keçirən ölkəyə və idmançılara fayda verəcək. Bu yarışlar ölkələrə və dünya ictimaiyyətinə gözəl mesaj çatdırmağa imkan verir. Ona görə də bu irsin əhəmiyyəti çox böyükür”.
V. Kuper qeyd edib ki, bu idman yarışlarında sosial davamlılıq da diqqət mərkəzində olmalıdır: “Biz bu sahədə hansı standartlardan istifadə etməliyik? İnanıram ki, bu gün bu suallara cavab tapa biləcəyik. Biz bütün bunlara sosial inkişaf baxımından nail olmaq istəyirik. Sosial davamlılıq, insan hüquqlarının təmin olunmasının əhəmiyyəti böyükdür və Avropa Şurası üçün önəmlidir. Ölkələrin sosial məsuliyyətindən və sosial standartlara ölkələrin necə əməl etdiyindən danışacağıq. Uzun müddətdə hansı sosial mənfəəti əldə etmək barədə müzakirə aparacağıq. Bu toplantını Avropa Şurası ilə əməkdaşlıq şəraitində təşkil etdiyi üçün Azərbaycana təşəkkür edirəm”.