APA-nın Gürcüstan bürosunun məlumatına görə, tədbirdə MOK-un prezidenti Leri Xabelov, gənclər və idman nazirinin müavini Şalva Qoqilidze, Tiflis Bələdiyyəsinin sədri Giya Alibekaşvili, Azərbaycanın Gürcüstandakı səfiri Azər Hüseyn, Gürcüstanın xalq artisti Kaxa Kavsadze və Yunan-Roma güləşi üzrə Avropa çempionu Zurab Datunaşvili çıxış edərək I Avropa Olimpiya Oyunlarının Bakıda keçirilməsini alqışlayıblar və idmançılara uğurlar arzulayıblar.
Səfir A. Hüseyn çıxışında Bakıda yeni inşa olunan Olimpiya stadionunun 68 min tamaşaçının qəbulu üçün yüksək səviyyədə hazır olduğunu bildirib.
Gürcüstan Milli Olimpiya Komitəsinin prezidenti Leri Xabelov xalq artisti Kaxa Kavsadzenin 80 illik yubileyi münasibətilə yubilyara Olimpiya medalı təqdim edib.
Tədbirdə qeyd edilib ki, Bakı-2015 I Avropa Olimpiya Oyunlarını izləmək üçün Gürcüstanın baş naziri İrakli Qaribaşvili də Bakıya gedəcək. Avropa Oyunlarında Gürcüstanı idmanın 13 növü üzrə 105 nəfər idmançı təmsil edəcək. Oyunlar Gürcüstanın İctimai Televiziyası vasitəsilə canlı yayımlanacaq.