Fonddan APA-ya verilən məlumata görə, tədbirdə Macarıstanın insan resursları naziri Zoltan Baloq, Budapeşt şəhərinin meri İştvan Tarloş, Heydər Əliyev Fondunun icraçı direktoru Anar Ələkbərov, Azərbaycanın gənclər və idman naziri Azad Rəhimov, deputatlar, Macarıstanda akkreditə olunmuş səfirliklərin nümayəndələri və başqaları iştirak edib.
Mərasimdən əvvəl gənclər və idman naziri Azad Rəhimov, Azərbaycanın Macarıstandakı səfiri Vilayət Quliyev, Macarıstanın Olimpiya Komitəsinin idman məsələləri üzrə direktoru Laszlo Fabian birgə mətbuat konfransı keçiriblər.
Laszlo Fabian Avropa Oyunlarının yüksək səviyyədə keçiriləcəyinə əmin olduğunu deyib.
O, Bakıdan yeni qayıtdığını və hazırlıq işlərinin yüksək səviyyədə aparıldığını qeyd edib.
Sonra tədbirin rəsmi hissəsi başlayıb. Mərasimin aparıcısı Azərbaycan və Macarıstan arasındakı tarixi əlaqələr, Heydər Əliyev Fondunun və onun prezidenti Mehriban Əliyevanın ölkə daxilində və xaricdə mədəni irsin qorunub saxlanması, mədəniyyətlərarası dialoqun təşviq olunması və gənclərin təhsil almaları üçün imkanların yaxşılaşdırılması istiqamətində həyata keçirdiyi işlər barədə məlumat verib.
Azad Rəhimov çıxışında Azərbaycanın növbəti illərdə ev sahibliyi edəcəyi mötəbər beynəlxalq idman yarışları barədə danışıb.
Macarıstanın idman, turizm və digər sahələri özündə birləşdirən insan resursları naziri Zoltan Baloq yarışların yüksək səviyyədə keçirilməsi üçün Azərbaycan prezidenti İlham Əliyevin dəstəyini xüsusi vurğulayıb. Nazir Azərbaycanla Macarıstanı tarixi dostluq əlaqələrinin birləşdirdiyini deyib. O, Azərbaycan və macar idmançılarının həmişə beynəlxalq yarışlarda yüksək nəticələr əldə etdiklərini diqqətə çatdırıb.
Sonra tədbir iştirakçıları Avropa Oyunlarına hazırlıq prosesini əks etdirən filmə baxıblar.
Daha sonra ziyafət verilib.
Tədbir çərçivəsində Heydər Əliyev Fondunun dəstəyi ilə hazırlanan, Azərbaycanın milli mənəvi dəyərlərini, tarixini özündə əks etdirən kitablar və incəsənət xadimlərinin əsərlərindən ibarət sərgi də nümayiş etdirilib.