Nazirlikdən APA-ya verilən məlumata görə, mədəniyyət və turizm naziri Əbülfəs Qarayevin, gənclər və idman naziri Azad Rəhimovun və hər iki qurumun məsul şəxslərinin iştirakı ilə baş tutan iclas Avropa Oyunları zamanı Azərbaycana gələcək qonaqlara təqdim ediləcək yüksək səviyyəli mədəni proqramların təşkilinin müzakirəsinə həsr olunub.
İclasda Avropa Oyunlarının davam etdiyi günlərdə ölkədə fəaliyyət göstərən teatr-konsert müəssisələrində, kinoteatrlarda, muzeylərdə, açıq havada qonaqlar üçün təqdim ediləcək proqramlar, onların Azərbaycanın mədəni irsi, incəsənəti ilə yaxından tanış olması məqsədilə hazırlanmış əlavə xidmətlər haqqında məlumat verilib, eyni zamanda daha geniş və əhatəli tədbirlərin hazırlanması məsələsi müzakirə edilib.