Bakı - APA. İspaniyanın Radio və Televiziya Korporasiyası RTVE-nin rəsmi portalında Bakı-2015 ilk Avropa Oyunları ilə bağlı yazı dərc olunub. APA-nın xəbərinə görə, Ruben Herasın müəllifi olduğu məqalədə Bakı şəhərinin Olimpiya dəyərləri əsasında Köhnə qitədə ilk dəfə keçiriləcək Avropa Oyunlarına ev sahiblik etməsi, infrastruktur, idman növləri və keçiriləcək yarışlar barədə ətraflı məlumat verilir.
“Rio-2016 Yay Olimpiya Oyunlarının startına bir ildən artıq vaxt qalmış, Olimpiya hərəkatı təqviminə Avropa Oyunları əlavə olunur. İlk yarışa Azərbaycanın paytaxtı Bakı şəhəri ev sahiblik edir”, - deyə yazıda bildirilir. Məqalədə Avropa Oyunlarının keçirilməsinin əsas təşəbbüskarlarından olan İspaniya Olimpiya Komitəsinin prezidenti Alexandro Blankonun fikirlərinə də yer verilib: “Azərbaycan Asiya və Avropanın qovşağında yerləşən cazibədar ölkədir. İqtisadi inkişafı ilə bu ölkə Avropa Oyunlarına yüksək səviyyədə ev sahibliyi edəcək. Azərbaycan qapılarını dünyaya açır, idman və turizm daha da inkişaf edəcək”.
Məqalə müəllifi 2016-cı ildə Bakıda Formula-1 üzrə “qran pri” yarışının keçiriləcəyini də xatırladır.