Moskva. Fərid Əkbərov - APA. Azərbaycanın gənclər və idman naziri Azad Rəhimov Moskvada “Bakı-2015” I Avropa Oyunlarına həsr olunan mətbuat konfransı keçirib. APA-nın Moskva müxbirinin verdiyi məlumata görə, nazir bildirib ki, Avropa Oyunlarında 50 ölkəni təmsil edən 6 mindən çox idmançının və nümayəndə heyətlərinin 3 mindən çox üzvünün iştirakı gözlənilir.
A. Rəhimov oyunların 20 idman növü üzrə keçiriləcəyini söyləyib: “Onlardan 16-sı Olimpiya idman növləridir. 1300 nəfərdən ibarət Təşkilat Komitəsinə Azərbaycanın birinci xanımı Mehriban Əliyeva rəhbərlik edir. Komitəyə Soçi, Vankuver, Afina və Londonda təcrübə toplamış, yüksək peşəkarlığa malik mütəxəssislər cəlb olunub”.
Sonra mətbuat konfransında Bakının I Avropa Oyunlarına hazırlığını nümayiş etdirən videoçarx nümayiş etdirilib.
A. Rəhimov Avropa Oyunlarının keçirilməsi üçün tikintisi davam edən idman obyektlərinin fevralın sonunda təhvil veriləcəyini açıqlayıb: “Fevralın sonu, martın ortalarına kimi bütün obyektlər təhvil veriləcək. İdmançılar üçün yaradılan Olimpiya kəndi təhlükəsizlik baxımından çox yüksək səviyyədədir. Artıq jurnalistlərin qeydiyyatı açıq elan olunub. Jurnalistlər üçün media kəndi yaradılıb”.
Nazir Moskvada Ümumrusiya Xalq Təsərrüfatı Nailiyyətləri sərgisində Azərbaycan həftəsi keçiriləcəyini və həftə çərçivəsində “Bakı-2015” I Avropa Oyunlarının təqdimatının olacağını da diqqətə çatdırıb. O, təqdimatın aprel ayında keçiriləcəyini bildirib: “Bu günə kimi İstanbul, Berlin, Paris və bir sıra başqa şəhərlərdə “Bakı-2015”in təqdimatı keçirilib. İndi isə Roma, Budapeşt, London və Moskvada təqdimat keçirməyi planlaşdırırıq”.