Balakən. Vüqar Heydərov-APA. “I Avropa Oyunlarına velosipedlə” layihəsi çərçivəsində səfərə çıxan Portuqaliya və Xorvatiya velosipedçiləri bu gün Azərbaycan ərazisinə daxil olublar.
Azərbaycan Velosiped İdmanı Federasiyasından (AVİF) APA-nın Şəki-Zaqatala bürosunun məlumatına görə, layihə çərçivəsində Portuqaliyadan olan bir velosipedçi Jorge Kristovao bu gün Gürcüstan ərazisindən “Mazımçay” gömrük sərhəd buraxılış məntəqəsini keçməklə Azərbaycanın şimal-qərb qapısı sayılan Balakən rayonundan Azərbaycan ərazisinə daxil olub. Bu münasibətlə “Mazımçay” gömrük sərhəd buraxılış məntəqəsində qarşılanma mərasimi keçirilib. Mərasimdə bildirilib ki, Portuqaliyalı velosipedçi Jorge Kristovao layihəyə əsasən aprelin 10-da öz ölkəsindən yola düşüb. Jorge Kristovao 1-ci Avropa Oyunlarında iştirak edəçək Portuqaliya dövlətini təmsil edəcək idmançılarından ibarət komandanın bayrağını Bakıya çatdırmaq üçün ümumilikdə 6000 km-dən artıq məsafə qət edəcək.
Xorvatiyanın "Pedalinac" klubunun 5 velosipedçisi isə bu gün Azərbaycan ərazisinə Qazax rayonunun “Qırmızı Körpü” gömrük sərhəd buraxılış məntəqəsindən daxil olublar. Xorvatiyalı velosipedçilər isə mənzil başına çatmaq üçün ümumilikdə 4000 km məsafə qət edəcəklər. Velosipedçilər bu gün axşam saatlarında Qax rayonunda bir araya gələcəklər. Sabahdan etibarən isə velosipedçilər birlikdə Qax-Şəki-Oğuz-Qəbələ-İsmayıllı-Şamaxı-Qobustan-Bakı marşrutu ilə hərəkət edərək iyunun 10-u Bakı şəhərinə çatacaqlar.