Bakı. Şəhriyar Əlizadə - APA. Mayın ayının 6-da İstanbulda start götürən Rio-de Janeyro Olimpiya Oyunlarına lisenziya xarakterli II dünya təsnifat turnirində "Sərhədçi" İdman Olimpiya Mərkəzinin zabiti, leytenant Rəsul Çunayev komandamız üçün növbəti lisenziya qazanıb.
Dövlət Sərhəd Xidmətinin mətbuat mərkəzindən APA-ya verilən məlumata görə, 66 kiloqram çəki dərəcəsində mübarizə aparan Rəsul Çunayev yarışa 1/16 final mərhələsindən başlayıb. İlk görüşdə Xorvatiyalı Dominik Etlingeri 19 saniyədə tam üstünlüklə məğlub edən pəhlivanımız daha sonra Belarus idmançısı Pavel Liax və polşalı David Kareçinski ilə qarşılaşmalardan da qalib ayrılıb. Yarımfinalda Fransa təmsilçisi, erməni əsilli Artak Marqaryan üzərində 68 saniyə ərzində parlaq qələbə qazanan Rəsul Çunayev finala yüksəlib. O, bununla Rio Olimpiadasına vəsiqəni təmin edib. Finalda Qırğızıstanlı rəqibi Ruslan Tsarevə xal vermədən qalib gələn güləşçimiz II dünya təsnifat turnirinin qızıl medalını qazanıb.
Bu, güləşçilərimizin Rio-de Janeyro Olimpiya Oyunlarına qazandığı 14-cü vəsiqədir.