Moskva. Fərid Əkbərov - APA. Rusiya Dövlət Dumasında “Bakı Birinci Avropa Oyunlarının paytaxtıdır” mövzusunda fotosərgi keçiriləcək.
APA-nın Moskva müxbirinin verdiyi məlumata görə, Rusiya-Azərbaycan parlamentlərarası dostluq qrupunun təşkilatçılığı ilə iyunun 8-dən 11-nə kimi keçiriləcək sərgidə Avropa Oyunlarına hazırlıq prizmasından Azərbaycan iqtisadi möcüzəsinin nəticələri əyani şəkildə nümayiş etdiriləcək.
Rusiya-Azərbaycan parlamentlərarası dostluq qrupunun rəhbəri, dumanın komitə sədrinin müavini Dmitri Savelyev bildirib ki, fotosərgi tamaşaçıları təkcə müasir idman infrastrukturunun hazırlanması ilə deyil, həmçinin Azərbaycanın digər mühüm nailiyyətləri ilə, o cümlədən memarlıq, xalq təsərrüfatı, ənənəvi mədəniyyətin və təbiət abidələrinin qorunub saxlanması sahəsində qazandığı nailiyyətlərlə daha yaxından tanış etməyə imkan verəcək: “Son iki onillikdə əsasən maddi mədəniyyət obyektlərində institusional dəyişikliklərin yekunları planlaşdırılan sərgi tədbirinin əsas leytmotividir”.