Bakı - APA. Rusiyanın Sankt-Peterburq şəhərində «Sport Accord» təşkilatının sayca XI İllik Konvensiyası keçirilir. Mayın 26-31-də keçirilən Sport Accord Konvensiyasında Azərbaycan nümayəndə heyəti də təmsil edilib. Gənclər və idman naziri Azad Rəhimovun başçılıq etdiyi Azərbaycan nümayəndə heyətinin tərkibində həmçinin Nazirlik, Milli Olimpiya Komitəsi, Bakı 2015 Avropa Oyunları Əməliyyat Komitəsinin təmsilçiləri var.
Azərbaycan nümayəndə heyətinin bu tədbirdə iştirak etməsinin əsas məqsədi Bakı 2015 Avropa Oyunlarının dəyərlərinin təbliğ edilməsi, Oyunların təşkili üçün layiqli tərəfdaşların tapılması və Oyunların təbliğindən istifadə etməklə, Azərbaycanın beynəlxalq idman və qeyri-idman yarışlarına ev sahibliyi etmək bacarığının geniş və qlobal təbliğ edilməsidir. Bu məqsədlə, tədbirin təşkil edildiyi yerdə Bakı 2015 adlı stend qurulub, iştirakçılara Azərbaycanın idman və qeyri-idman obyektləri ilə bağlı video təqdimat edilib və Birinci Avropa Oyunları ilə bağlı çap məhsulları tədbirə qatılan müxtəlif ölkələrin nümayəndə heyətlərinə paylanılıb.
Qeyd edək ki, «Sport Accord» beynəlxalq olimpiya və qeyri-olimpiya idman federasiyalarını, eyni zamanda beynəlxalq idman yarışları təşkilatçılarını özündə birləşdirən bir qurumdur.