Tiflis. Nizami Məmmədzadə - APA. Gürcüstanda fəaliyyət göstərən "Borçalı İrəli" İctimai Birliyinin təşkilatçılığı ilə Gürcüstan Dövlət Texniki Universitetində Bakı-2015 I Avropa Oyunlarına dəstək çərçivəsində təbliğat xarakterli görüş keçirilib.
APA-nın Gürcüstan bürosunun məlumatına görə, tədbirin keçirilməsində məqsəd Bakıda keçiriləcək I Avropa Oyunları ərəfəsində Gürcüstan ali təhsil müəssələrində təhsil alan gürcü tələbələrinə yarışın mahiyyəti barədə məlumat verməkdir.
"Borçalı İrəli" İctimai Birliyinin sədri Məhəbbət İmanov APA-ya açıqlamasında bildirib ki, gürcü tələbələrinə Azərbaycan haqqında və I Avropa Oyunlarının Bakıda möhtəşəm şəkildə keçiriləcəyi barədə məlumat verilib, Avropa Oyunlarının sülhə xidmət etdiyi deyilib.
İvane Cavaxişvili adına Tiflis Dövlət Universitetinin tarix fakültəsinin IV kurs tələbəsi Giorgi Danelia jurnalistlərə açıqlamasında I Avropa Oyunlarının Bakıda keçirilməsini Cənubi Qafqazda möhtəşəm bir yenilik kimi xarakterizə edib.
TDU-nun etnoqrafiya fakültəsinin IV kurs tələbəsi Vasiko Rexviaşvili isə bildirib ki, I Avropa Oyunlarının Bakıda keçirilməsi Azərbaycanın dünya miqyasında böyük qələbəsidir.
Sonda tələbələr kollektiv şəkil çəkdiriblər.