Apasport.az saytının məlumatına görə, bunu Beynəlxalq Olimpiya Komitəsinin (BOK) prezidenti Tomas Bax deyib.
BOK rəhbəri Bakı-2015-lə bağlı Bakıya səfəri zamanı idmanın mədəni və siyasi fərqləri aradan qaldırmaq, müxtəlif dövlətləri təmsil edən idmançıları Avropa Oyunları kimi çoxsaylı idman növlərini əhatə edən beynəlxalq tədbirdə birləşdirməyə qadir olan gücünü vurğulayıb: “Bu, milliyyətindən, vətəndaşlığından və ya dini etiqadından asılı olmayaraq, insanları bir araya gətirən idmanın gücündən xəbər verir. Bu, bəlkə də yalnız idmanın edə biləcəyi işdi”.
Bakı-2015 Avropa Oyunlarının Təşkilat Komitəsindən apasport.az saytına verilən xəbərə görə, Bax iyunun 12-də bir çox ölkə başçıları və BOK üzvləri ilə birlikdə I Avropa Oyunlarının açılış mərasimində iştirak edib, daha sonra triatlon, karate və güləş yarışlarını izləyib. Həmçinin, Atletlər Kəndinə ziyarət edib.
BOK prezidenti bildirib ki, Avropa Oyunlarının açılış mərasimi həqiqətən möhtəşəm idi: “Şouda tarix, simvolizm və mədəniyyət öz əksini tapıb. Açılış mərasimi və Avropa Oyunlarının bütöv təşkili, təşkilatçıların bu cür qısa müddət ərzində gördükləri əzəmətli işin nəticəsidi. Bu, böyük nailiyyətdi”.